• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 739
— 20.12.2023 19:41

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bütün lazımi tədbirlər görülür

KepezTV Player

Mərkəzi Seçki Komissiyası Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərini müşahidə etmək üçün artıq beynəlxalq müşahidəçilərə də dəvət göndərib. MSK sədri Məzahir Pənahov ölkəmizdə seçkilərin keçirilməsi ilə bağlı heç bir problem olmadığını bildirib. Sədr yerli müşahidəçilərdən də bəhs edib. 

Məzahir Pənahov- MSK-nın sədri: “Azərbaycanda yerli müşahidəçi baxımından bizdə məhduddiyyət yoxdur. Hətta biz Mərkəzi Seçki Komissiyası olaraq 15 il bundan qabaq səhv eləmirəmsə, MSK-nın bir qərarı var.  Bizim bir qrupumuz var, ona həvalə eləmişik ki, o sənədlər daxil olur MSK-ya, orada müşahidə aparmaq üçün. Müşahidəçi üçün çox sadə bir ərizə olur, bir də şəxsiyyət vəsiqəsi. Əgər hüququ varsa, onu komissiyaya çıxarmaq ehtiyac yoxdur. Əgər kiməsə rədd cavab verilməlidirsə, onu artıq MSK qərar çıxarmalıdır. Mən də məmnuniyyətlə deyirəm ki, o vaxtdan bura MSK müşahidəçilərlə bağlı məsələyə baxmamışıq. Bu, o deməkdir ki, indiyə qədər müşahidəçi statusu verilib”. 

Azərbaycanda seçicilərin sayı artıb. Belə ki, hazırda ölkədə 6 milyon 354 min 556 seçici var. Prezidentin köməkçisi Zeynal Nağdəliyevin sözlərinə görə, seçici siyahılarının dəqiqləşdirilməsi diqqət mərkəzində olub. O, dünyasını dəyişən şəxslərin adlarının seçici siyahısında olmamasına xüsusi önəm verilməli olduğunu bildirib. 

Zeynal Nağdəliyev- Prezidentin köməkçisi: “Ən həssas məsələ odur ki, şəhidlərimizin adının da seçici siyahılarında olmasına yol verməməliyik: Bu, onların ruhuna da hörmətsizlikdir, bizim də işimizdə olan ən ciddi nöqsandır. Bu iş yerli icra hakimiyyətlərində tam aparılır. Bütün dünyasını dəyişmiş şəhidlərimizin siyahısı MSK-ya təqdim olunub. Hazırda təsnif olunur. Biz çalışmalıyıq ki, heç bir dünyasını dəyişmiş insan seçki siyahılarında qalmasın”.

Daxili işlər nazirinin müavini İsmət Əliyev isə seçki gününədək şəxsiyyət vəsiqəsinin vaxtı bitən vətəndaşlara, həmçinin seçki gününədək 18 yaşı tamam olacaq şəxslərə lazımi sənədlərin verilməsinə başlanıldığı açıqlayıb.

İsmət Əliyev- Daxili işlər nazirinin müavini: “İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində də lazimi tədbirlər görülməkdədir. Bu baxımdan mümkün təxribatların qabağının alınması üçün digər hüquq mühafizə orqanları ilə əməliyyat məlumatlarının mübadiləsinin intensivliyi artırılmış, seçkilərin normal keçməsinə mane olmaq niyyəti daşıyan pozucu qüvvələrin vaxtında müəyyən edilməsi üzrə əməliyyat profilaktik və texniki tədbirlər gücləndirilmişdir”.

Tədbirdə seçki komissiyalarının işinə mane olanların inzibati və cinayət məsuliyyətinə cəlb ediləcəkləri də bildirilib.

Vüsalə Cənnətova