Araşdırmalar nəticəsidə mütəxəssislərin gəldiyi qənaətə görə vərdişlə yanaşı, siqaretdən qurtula bilməməyin əsas səbəblərindən biri də məhz psixoloji asılılıqdır. Belə ki, siqaretçəkmə nəticəsində orqanizmə ötürülən nikotinin təsiri bir neçə saatdan sonra itir. Yəni orqanizmin bunu tələb etməsi kimi söylənən fikirlər əsassızdır.
Şirxan Vəliyev- həkim: “Siqaret hər iki növ asılılığı yaradan zərərli vərdişlərdəndir. Sadəcə iradə ilə tütün istifadəsini dayandırmaqla, bunu buraxa bilərlər. İradəsi əl etməyən, fiziki asılılığı daha çox olan insanlar isə nikotin plastrları, nikotin saqqızları vardır, bunun üçün reabilitasiya mərkəzləri vardır, onlardan istifadə edə bilərlər. Və bu asılılıqdan qurtula bilərlər”.
Mütəxəssislər onu da qeyd edir ki, siqaretçəkmə vərdişi tərgidildiyi daha ilk günlərdən etibarən orqanizmdə müsbət dəyişiklərlə özünü biruzə verir. Bununla yanaşı siqareti neçə il çəkməkdən asılı olmayaraq, hər kəs öz iradəsi ilə bu vərdişdən yaxa qurtara bilər.
Psixoloqlar deyir ki, qadınlara nisbətən kişilərin vərdişlərdən asılılığı daha çox olur. Bu vərdişlər içərisində ən geniş yayılanı isə siqaret çəkmədir. Bu vərdişdə maddənin üzərinə nə qədər yük düşürsə, eyni zamanda insanların psixologiyasının üzərinə də bir o qədər yük düşür. Əfsuslar olsun ki, çoxları bu vərdişi çıxış yolu kimi görür.
Sona Davudova- psixoloq: “İnsan bunun tərkibində olan müəyyən maddələrə görə bir müddət rahatladığını, sanki heç nəyin vecinə olmadığını, onu narahat etmədiyini hiss edir və bunun davamlı olacağını zənn elədiyi üçün bir müddətdən sonra yeni bir stress faktoru ortaya çıxanda artıq yenidən buna ehtiyac duyur və yenidən həmin həzzə yönəlməyə başlayır. Çünki həzzə yönələrək özünü rahatlaşdırır. Lakin bu miqdar bir müddətdən sonra yetərli olmur. İnsan bu asılılığın miqdarını artırmağa başlayır. Və təbii ki, bu da asılılığın ciddi formasına və bəzən dərman müalicəsinə ehtiyac çatacaq dərəcəyə gəlir”.
Alman mütəxəssislərinin gəldikləri qənaətə görə, siqaret çəkmək insan sağlamlığına ziyan yetirməklə yanaşı, beyinin iş fəaliyyətinin ölçüsünü azaldır. Həmçinin siqaret iştahanı azaldaraq qidanın həzmini ağırlaşdırır, sümük boşluğu və digər ciddi problemlərə səbəb olur, yuxu sistemini qarışdırır və görmə qabiliyyətini çətinləşdirir.
Aişə Rzayeva
- Baxış: 215