• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1796
— 08.12.2023 10:32

Gənc barista

Kofenin valehedici qoxusu, heyrətamiz dadı bizə elə də uzaq deyil. Bizi kofe ilə daha da yaxından tanış edən, xüsusi texnikalarla kofe hazırlamağın yollarını öyrədən Həsən bəyi tanımağın vaxtıdır. Qeyd edim ki, o, bu işə başlayan zaman özü kofeni sevmirdi.

Həsənov Həsən– barista: “Əslində mən özüm də kofeni bəyənmirdim, heç “üçü birində” də içmirdim. Gəlib, canlı şahidi olanda ki, təzə kofe necə olur, necə hazırlanır, içə-içə, daha çox sevdim və gördüm ki, Azərbaycanda da inkişaf edir. Və bu inkişafda özümün də bir payımın olması üçün başladım kofe hazırlamağa”.

Azərbaycanda kofenin inkişaf etməsi ilə bərabər, fərqli damaq dadlarına toxunan bu içki növü bəlli kütlə tərəfindən sevilir. Hazırlanmasında xüsusi bacarıq tələb edən kofeni ən doğru şəkildə necə qəbul etmək lazımdır, gəlin Həsən bəyin özündən soruşaq.

Həsənov Həsən – barista: İnsanlar kofeni acı qəbul edirlər, amma kofe, əslində acı deyil. Kofe turş da ola bilər, kofedə acılıq da ola bilər. Amma bunların hamısı bir-birinə qarışanda turşuluq, acılıq, sərtlik ləziz dad yaradır və bu dadların hamısı bir yerdə olmalıdır. Yalnız turş, yalnız acı deyilən bir şey yoxdur. Acı anlayışı qaldı keçmişdə.

Kofe hazırlayan zaman Həsən bəy qeyd edir ki, südün keyfiyyətinə, bişirilmə dərəcəsinə diqqət edilməlidir. O, bu kiçik nüanslara diqqət edərək işinin peşəkarına çevrilib deyə bilərik. Uşaq yaşlarından bu işlə məşğul olan və işini sevgi ilə görən Həsən bəy bu işdə daha da inkişaf etməyi düşünür.

Həsənov Həsən – barista: “Artıq 4 ildir ki, mən kofe işi ilə məşğulam, kofe sahəsində çalışıram. Və hal-hazırda şef-barista kimi fəaliyyət göstərirəm. Azərbaycanda kofenin inkişafı artıq 5 ildir ki, daha irəli gedib”.

Kofenin  ləzzəti ilə yanaşı, görünüşü də göz oxşamalıdır. Kofe üzərində fərqli fiqurlar, bir-birindən maraqlı şəkillər yaradan Həsən, bunun xüsusi səbr tələb etdiyini və eyni zamanda çox incə bir iş olduğunu qeyd edir.

Həsənov Həsən – barista: “Kofe dəmləyəndə, əsasən, kofenin üyütmə dərəcəsinə diqqət etmək lazımdır. Nə çox böyük olmalıdır, nə də ki, çox xırda. Elə bir üyütmə dərəcəsi olmalıdır ki, biz 20-30 saniyə ərzində kofeni, espressonu ala bilək. Və bütün içkilər də, espresso üzəri olan içkilərdir. Yəni amerikano olsun, latte olsun, kapuçino olsun. Bunların hamısı espresso üzərində olur. Əgər espresso düzgün olsa, dadlı olsa, deməli sizin südlü içkiləriniz də və yaxud soyuq içkiləriniz də hamısı dadlı olacaq”.

Kofenin yaranma tarixindən tutmuş, ümumiyyətlə, kofe içkisinə aid bütün məlumatları, gəlin elə bu işin peşəkarından öyrənək.

Həsənov Həsən – barista: “Kofe 1500-cü illərdə yaranıb. Belə bir əfsanə var ki, bir çoban qoyunlarını otaran zaman dağlıq ərazidə görür ki, qoyunlar həmin vaxt meyvə yeyir. Kofenin özü bir meyvədir. Və heyvanlar bu meyvədən yeyəndən sonra, keçilər, qoyunlar başlayıblar tullanmağa. Bu da çobana maraqlı gəlib, gedib yaşadığı kəndin ağsaqqallına əhvalatı danışıb ki, mənim keçilərim bu meyvəni yedikdən sonra başlayıb tullanıb-düşməyə. Sonra çoban ağsaqqalla birlikdə bu meyvəni tapıb və onu birinci isti suda dəmləməyə başlayıblar. Sonra vaxt keçdikcə başlayıblar bunu qovurmağa, və daha sonra başlayıblar qabığını soymağa, meyvəsinin özünü çıxartmağa və daha sonra kofe başlayıb inkişaf etməyə”.

Ülvi Cəfərov

 

ƏTRAFLI...