Gəncədə narkomaniya, selektiv abort və erkən nikahlarla mübarizə, müharibənin psixoloji fəsadlarının aradan qaldırılması mövzularında gənclər arasında 4 həftəlik psixoloji təlim keçirilib. Təlim Gəncə Gənclər Evi və Azərbaycan Dövlət Aqrar Universitetində təşkil olunub. Maarifləndirici tədbirdə 45-dən artıq gənc iştirak edib. Onlara mövzular üzrə geniş maarifləndirmə aparılıb. İştirakçıları maraqlandıran suallar cavablandırılıb. Təlimin sonunda gənclərə sertifikatlar və qiymətli hədiyyələr təqdim olunub.
Xalidə Nəbiyeva- tələbə: “4 təlimdə iştirak etmişik və çox razı qalmışıq. Biz fikirləşirik ki, bu təlimlər bizim məntiqi təfəkkürümüzü çox inkişaf etdirir və biz istəyərdik ki, bu təlimlər davamlı olsun. İnsanın özünü yaratmağa, inkişaf elətdirməyə, dünya görüşünü artırmağa kömək olur. İstəyərik ki, bu, davamlı şəkildə olsun”.
Elnarə Musayeva- təlimçi: “Aktiv gənclik cəmiyyətə daha xeyirlidir, nəinki passiv həyat yaşayanlar. Mən istəyərdim ki, gənclərimiz daha savadlı olsunlar, onlar cəmiyyətə daha yararlı olsunlar. Hər bir yararlı, savadlı gənc bizim üçün, xalqımız üçün daha xeyirlidir. Onların uğurları bizim uğurlarımızdır, çünki onlar bizim gələcəyimizdir, onlar bizim gələcək cəmiyyətimizdir, belə deyək, onlar bizim ümid yerimizdir”.
Ramin Paşayev
- Baxış: 164