Ötən ay diplomu tanınmayanlar tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmayan, təhsil alma forması düzgün seçilməyənlər, akkreditasiyasız ali təhsil müəssisəsində oxuyanlardır. Ümumən bu il ərzində 1077 şəxsin diplomu ölkəmizdə tanınmayıb.
Aytən Quliyeva- TKTA-nın şöbə müdiri: “Bildirmək istərdim ki, noyabr ayı ərzində təhsildə keyfiyyət təminatı agentliyinə ümumilikdə 365 müraciət daxil olmuşdur. Onlardan 287 nəfərin müraciəti müsbət qərarla yekunlaşaraq, həmin şəxslərə müvafiq şəhadətnamələr təqdim olunmuşdur. 73 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşmışdır. Ümumilikdə vətəndaşlara agentlik tərəfindən müraciətlər olur. Belə ki, həmin şəxslər ali təhsil müəssəsinə üz tutarkən həmin universitetin statusu barədə ətraflı məlumat əldə etsinlər”.
Universitetin təklif etdiyi şərtlərlə düzgün tanış olmadan seçim edən nəticədə isə diplomunun tanınmasında çətinlik yaşayanlardan biri də Pərvin Abbaszadədir. Müsahibimiz 2018-ci ildə ali təhsil almaq üçün Türkiyəyə yollanıb. Təhsilini başa vurub gəldikdə isə diplomuna mənfi rəy alıb.
Pərvin Abbaszadə- məzun: “Universitet seçimimi Türkiyənin özəl universitetlərindən birinə elədim. Sonradan bir az peşman oldum. Səbəb də odur ki, bu il universiteti bitirmişəm. Diplomumu tanıtmaq üçün Azərbaycana gətirdim. Sadəcə problemlə üzləşdim. Türkiyədə qiyabi təhsil aldığım müddətdə o dövrü Türkiyədə olmadığım üçün problem oldu. İndi isə artıq diplomum tanınmır”.
Təəssüflər olsun ki, xaricdə təhsil alan azərbaycanlıların yarısının diplomu ölkəmizdə tanınmır. Buna səbəb isə bəzən xaricdə təhsil şirkətləri, bəzən isə tələbə məsuliyyətsizliyidir. Məlumatsızlığı da bu sıraya daxil etmək olar. Ekspert Rövşən Hüseynovun sözlərinə görə, tələbələrin diplomları bizim normativ hüquqi aktlara uyğun olmadığı üçün tanınmır.
Rövşən Hüseynov- təhsil eksperti: “Bu gün Azərbaycanda keçirilən qəbul imtahanlarında keçid balı toplaya bilməyən abituriyentlər xarici ölkələrdə, daha çox qardaş Türkiyədə distant və ya fərdi qrafik üzrə təhsil almağa üz tuturlar. Bəzi xarici təhsil xidməti göstərən şirkətlər valideyn və abituriyentlərin məlumatsızlığından istifadə edərək onları bu formada təhsil almağa yönəldirlər. Bəli, həmin universitetlər Azərbaycan tərəfindən tanınır, ixtisas ölkəmizdə tanınır, amma təhsil alma forması bizim normativ hüquqi aktlara uyğun olmadığı üçün onların diplomları tanınmır. Onlar unutmamalıdır ki, universitetin ölkəmizdə rəsmi tanınması onun təhsil alma formasının da tanınması demək deyil. Qiyabi təhsil alanlar azı 15 gün, əyani təhsil alanlar isə 90 gün semestr ərzində həmin ölkənin ərazisində olmalıdırlar. Əgər tələbənin semestr ərzində təhsil aldığı müddət bundan az olarsa, diplomun tanınmasında imtina halı yaşanır”.
Həmçinin xaricdə tədris olunan ixtisas Azərbaycanda hər hansı bir ixtisasla ekvivalentlik təşkil etmirsə, təhsil qiyabi və ya distant əsaslarla tədris olunursa, diplom və diplom əlavəsi leqallaşmırsa, universitet öz ölkəsində tanınmırsa, həmin diplomlar da Azərbaycanda tanınmır. Ona görə də mənfi hallarla üzləşməmək üçün birbaşa olaraq həmin təhsil müəssisəsinə müraciət edərək qəbul şərtləri ilə tanış olmaq lazımdır.
Aişə Rzayeva
- Baxış: 187