Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın Ermənistanı aldatdığını deyərək rəsmi İrəvanı təxribatlara getməməyə çağırıb. Dövlət başçısı açıqlamasında rəsmi Parisin Ermənistanı təhrik etdiyini deyib. Bildirib ki, Fransa daha əvvəl də Ermənistana dəfələrlə dəstək verib. Amma heç bir nəticəsi olmayıb. Hətta Fransa ATƏT-in keçmiş Minsk Qrupunun həmsədri kimi də nəyəsə nail ola bilməyib. "Zirehli texnikalar versə nə olacaq ki?! Bunun da nəticəsi olmayacaq. Çünki artıq öz torpaqlarını işğaldan azad etmiş Azərbaycan var. Daha əvvəl Ermənistana göndərilən tanklar, toplar, tüfənglər Azərbaycanın əlinə keçib. Fransa Ermənistanı aldadır” - deyə Türkiyə lideri vurğulayıb. Ərdoğan bildirib ki, Ermənistan hakimiyyəti yaxın keçmişdə baş verənlərdən nəticə çıxarmalıdır. Sülh imkanlarını dəyərləndirməsi və bəzi ölkələrin tələsinə düşməməsi İrəvanın xeyrinə olar. Azərbaycanla sülh Ermənistan üçün ən yaxşı yoldur. Əllərinə silah verənlər Ermənistanı tək qoyacaqlar.
- Baxış: 152