• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 926
— 07.12.2023 10:14

Geyim üzrə dizayner

Gənclərin maraq göstərdiyi sahələrdən biri də geyim üzrə dizaynerlikdir ki, artıq bu ixtisas da öz aktuallığını qoruyub saxlayır. Elə bu gün də biz bu işin mütəxəssisi ilə tanış olmağa gəlmişik.

Ayla Camalova– geyim üzrə dizayner:  “Bu ixtisasa həvəsim uşaqlıqdan bəri var. Universiteti bitirdikdən sonra qərar verdim və ixtisasa imtahan verib, qəbul oldum. Ən əsası da uşaqlıqdan həvəsli idim bu ixtisasa, dedim niyə də arxasıyca getməyim?”

Geyim dizaynı yenilikçi fikirlərin vəhdəti ilə yaranmış, dizayn sahələrindən biridir. Ayla xanımın dediklərinə görə bu sahə, həm də dizaynın içindəki yeniliklərdən istifadə edərək fərqli geyimlər yaradan və ya hazır geyimlərə fərdi vizuallıq verən sənətdir. Əsas vəzifələrə geyimin modelini hazırlamaq, uyğun material və vasitələri seçmək, sınaq istehsalını gerçəkləşdirmək və kataloqun hazırlanması daxildir.

Ayla Camalova– geyim üzrə dizayner:  “Maraqlı ixtisaslardan biridir. Hər kəs bu ixtisası oxuya bilər, ancaq yalnız bacaran dizayner ola bilər. Çünki bu sahə yaradıcılıq və fərqlı düşüncə tələb edir. Hər zaman digərlərindən fərqlənməyi bacarmalısan. Mənə görə heç bir peşənin asan tərəfi yoxdur, hər birinin özünəməxsus çətinlikləri var. Məsələn, təzə başlayanda çətin gələnlər, artıq mənim üçün heç br çətinliyi qalmayıb. Fərqli bir ixtisas olduğuna görə, rənglərə, parçaya digər istifadə etdiyin hər bir şeyə fikir vermək lazımdır”.

Geyim dizaynı sahəsində işə sahib olmaq çətin deyil. Ancaq bu, həm də fərdin bilik və bacarıqlarına görə dəyişir. Bu ixtisası bitirən və sahəsi üzrə peşəkarlaşan insanlar bir çox özəl sektorda asanlıqla iş tapa bilər. Hər bir sənət sahəsində olduğu kimi bu peşədə də diqqətli olmağımızı tələb edən nüanslar var.

Ayla Camalova– geyim üzrə dizayner:  “Tikiş tikəndə daha çox kökləmə, düz tikiş, gizlin tikiş bütün bunlara diqqət etmək lazımdır. Geyim dizayneri hər zaman çalışmalıdır ki, səliqəli olsun. Çünki səliqə olduqdan sonra hardasa səhv etməyin mümkünsüz hala gəlir. Bir də unutmadan, çalışıb, iynəylə işləyərkən ehtiyatlı olmaq lazımdır”.

Heç kim bizi istəmədiyimiz, sevmədiyimiz bir sahəyə, ixtisasa yönləndirə bilməz. Hər şey biz gənclərin öz əlindədir. İradə gücü ilə istədiklərimizi əldə edə bilərik. Yetər ki, istəyək.

Ayla Camalova– geyim üzrə dizayner:  “Hər bir gənc istədiyi ixtisasın arxasıyca getsin. Həqiqətən sevdikləri ixtisasda təhsil almağı seçsinlər. Və öz işlərinin professionalı olsunlar”.

Lalə Bağırova

ƏTRAFLI...