• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1877
— 05.12.2023 10:26

Gənc əməliyyatçı-mühasib

Ölkəmizdə iqtisadiyyatın inkişafı nəticəsində bir çox peşələr artıq gənclərin maraq dairəsindədir və hər kəs bilir ki, bu, həm onların gələcəyi, həm də karyeraları üçün  əlverişlidir. Belə ixtisaslardan biri də əməliyyatçı-mühasib ixtisasıdır.

Məmmədova Əzizə- əməliyyatçı-mühasib: “Hər kəs kimi mən də öz sahəmi çox sevirəm. Marağım olduğuna görə də qərar verdim ki, bu sahədə özümü yoxlayım. Həm də idarələr və müəssisələr artdıqca, bu ixtisasa tələbat çoxalır”.

Əzizə xanımın sözlərinə görə, bu peşə bir müəssisənin gələcək inkişaf perspektivlərini müəyyən edən sahələrdən biridir. Belə ki, həmin şöbələrin verdiyi qərarlar müəssisənin  mövcud vəziyyətini analiz etməklə yanaşı, həm də gələcək investisiya ilə bağlı işlər üçün də istifadə edilir.

Məmmədova Əzizə- əməliyyatçı-mühasib: “Əslində, heç bir çətinliyi yoxdur, müəllimlərimiz çox sağ olsun, nədəsə çətinlik çəkəndə başa salırlar. Ona görə də sevə-sevə gəlirəm. Məsələn, karyera keçirik və xarici dil olaraq, ingilis dili tədris olunur ki, o da ən sevdiyim dərslərdən biridir. Daha sonra “Excel” proqramı vasitəsilə maaş, stipendiya kimi şeyləri hesablayırıq ki, bu siyahıya müəllim, müdirlərin maaşları daxildir”.

Ümumilikdə, “Mühasibat” ixtisasının  əsas məqsədi tələbələrə şirkətlərdə maliyyə menecmenti işinin təhlili, mənfəətin planlaşdırılması və ona nəzarət edilməsi, nağd pulların idarə edilməsi, əsas maliyyə cədvəllərinin yerinə yetirilməsi yönündə bilik və bacarıqlarını qazandırmaqdır. Elə buna görə də, müxtəlif maliyyə təşkilatlarında mühasiblərə ehtiyac duyulur. Onu da qeyd edək ki, bu sahənin nümayəndələrinin güclü yaddaş və riyazi hesablamalarla bağlı xüsusi istedadı olmalıdır.

Məmmədova Əzizə- əməliyyatçı-mühasib: “Əvvəlcə maaşdan 200 çıxırıq, sonra 14-ə vururaq, 14%- ni tapırıq, daha sonra da ardıcıl olaraq 3, 2, 1 və sonda 0,5 %-ni tapıb hesablayırıq”.

Bu hesablamadan sonra başa düşdüm ki, hər insana öz sahəsi xoş və asandır. Həmçinin bu sahə yüksək intellektual göstəricilərə, dəqiqliyə və diqqətə də üstünlük verir. Elə maraqlandığımız sahə də hesab işləri ilə bağlı olduğuna görə, diqqət və dəqiq olmaq vacibdir. Peşənin ən müsbət cəhəti isə sabit işinin olmasıdır və hər zaman gələcək karyeranız üçün əlverişli sahədir. Bəzən sevdiyimiz sahənin tələblərinə uyğun olaraq öz üzərimizdə işləməli və hər zaman cəmiyyətlə əlaqədə olub, yeniliklərdən xəbərdar olmaq lazımdır.                                                                         

Məmmədova Əzizə- əməliyyatçı-mühasib: “Ali təhsillə bərabər, peşə təhsili də vacibdir. İndi özümüz də şahidiyik ki, gənclər artıq burdakı ixtisaslara da maraq göstərirlər. İxtisaslarını bitirdikdən sonra, yaxşı karyera qura bilərlər”.

Müxtəlif peşə və ixtisasları öyrəndikcə necə zəngin olduqlarının fərqinə varırıq. Hər bir gənc çalışmalıdır ki, bu fürsəti dəyərləndirsin.

Lalə Bağırova

ƏTRAFLI...