• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 667
— 03.12.2023 20:28

Ermənilər tarixi silməyə çalışırlar

KepezTV Player

Qərbi Azərbaycan tariximizin bir parçasıdır. Bu torpaqlarda Dədə Qorqud qopuz çalıb, söz qoşub, igidlərə ad verib, Koroğlu qarı düşmənə sinə gərib, Aşıq Ələsgər dağlarımızı, buz bulaqlarımızı, güllü-çiçəkli torpağımızı vəsf edibdir. Qərbi Azərbaycanın köklü sakinləri Azərbaycan türkləri olub, ermənilər isə kənardan bu ərazilərə köçmədirlər. Bunu, 1991-ci ilə kimi həmin ərazilərin toponimlərinin türk mənşəli olması bir daha təsdiqləyir.

Razim Hacıyev- qərbi azərbaycanlı: “1988-ci ildən bəri bütün Azərbaycan adları dəyişdirilərək erməniləşdirilibdir. Göyçə mahalı qədim Türk ocaqlarındandır. Tarixi abidələr onu göstərir ki, XV-XVI əsrə qədər orada türklər - azərbaycanlılar olubdur. Amma bu gün o izi ermənilər silir, erməniləşdirirlər. Bizim Basarkeçər rayonu erməniləşdirildi, Vardenis qoyuldu. Nərimanlı kəndimiz erməniləşdirilərək Şahdıvan qoyuldu”.

Bayram Apoyev- qərbi azərbaycanlı: “Ata yurdum olan Vedibasar mahalında 1906-cı ilə qədər 124 kənd var idi. O 124 kənd Azərbaycan dilinə aid idi. Azərbaycanlılar nəinki, yaşayış məntəqələrinə, eyni zamanda ətraf ərazilərin hamısına - dağlara, dərələrə, çaylara, düzənliklərə, öz dillərində ad vermişdilər. 1988-ci ildən sonra isə hal-hazırda demək olar ki, bir adda olsun Azərbaycan dilində qalmayıbdır”.

Mayıl Vəliyev- qərbi azərbaycanlı: “Bizim kəndin - Dərə kəndin adını Daranaq qoyublar. Daranaq qoymaqla onlar nəyisə dəyişə bilməzlər. Pəmbə kəndini ediblər Pambaq, Pokru Məzrə, Böyük Məzrə özlərindən əlavələr eləməklə guya nəyisə dəyişib, bunlar özlərininki edirlər. Bu alınan deyil və qəlbimiz ordadır”.

Qərbi Azərbaycanda orta əsrlərdən bəri 1400-dən çox toponim qeydə alınıbdır. Hansı ki, zaman-zaman ermənilər tərəfindən ya silinib, ya da özününküləşdirilib. Bu çirkin niyyət azərbaycanlıların deportasiyası ilə müşayiət olunan XX əsrin 80-ci illərinin sonunda daha geniş vüsət aldı.

Elçin İsmayılov- AMEA-nın Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri: “Keçən əsrin 88-ci ilindən başlayaraq Qərbi Azərbaycandan 846 kənd, qəsəbə, rayon mərkəzi köçürülmüşdür. Onların bir çoxu xaraba qalmış, qalanların əksəriyyətinin adları dəyişdirilərək ora çox az miqdarda erməni əhali köçürülmüşdü. Ermənilər bunu tarixən edərək, xalqımızı deportasiya ediblər”.

Ermənilər tarixi torpaqlarımızda adları dəyişdirməklə nəinki xalqımıza, eləcə də bəşəriyyətə qarşı cinayət etmiş olublar. Bu cinayətlərin beynəlxalq birliyə çatdırılmasında Qərbi Azərbaycan İcması fəal iş aparır.

Mübariz Yusifov- Qərbi Azərbaycan İcmasının Gəncə üzrə nümayəndəsi: “Ermənilərin indi yaşadığı ərazilərdə nə qədər adlar varsa, onların heç birinin tarixi erməni adları olmayıbdır. Ermənilərin orda tarixi torpaqları olmadığı kimi, tarixi adları da yoxdur. Bütün adların hamısı Azərbaycan mənşəli olubdur. İcma bu gün bu sahədə işlər görür. Tədqiqatlar aparıram. Bu, geniş bir tədqiqat olacaqdır. Nəticələrini rus, ingilis dillərinə tərcümə edib, dünyada yaymaq üçün əlimdən gələni edəcəm”.

Ermənilər ötən əsrdə 4 dəfə soydaşlarımızı Qərbi Azərbaycandan qovublar, yurd-yuvalarından didərgin salıblar. Ancaq Vətən müharibəsi və bundan sonrakı hadisələr əminliklə deməyə əsas verir ki, Qarabağa qayıdış kimi, Qərbi Azərbaycana da qovuşmaq elə də uzaqda deyil.

Elnur Vahidoğlu