• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1737
— 01.12.2023 16:47

“Kəpəz”in laçınlı baş məşqçisi

KepezTV Player

Adil Şükürov- “Kəpəz”in baş məşqçisi: İnanın ki, həmin gün bütün laçınlılar Bakının küçələrində idi. Hamı Heydər Əliyev Sarayının qarşısına yığışmışdı. Yığışdıq, getdik, Şəhidlər Xiyabanını ziyarət etdik”.

Adil Şükürov da hər bir laçınlı kimi uzun illər əsarət altında qalan doğma yurdunun həsrətini çəkib. Deyir ki, Laçının işğaldan azad olunma xəbərini eşidəndə, elə bildik, ürəyimiz həmin dəqiqə yerindən çıxacaq. Məlumatı aldıqdan dərhal sonra hər kəs ertəsi gün doğulduğu yerlərə getməyə can atırdı.

Adil Şükürov- “Kəpəz”in baş məşqçisi: “Ailəlikcə həmin gün hamı təşviş içində idi, hamı sevinc içində idi, hamı istəkli idi ki, bu gün alınıb, bu gün gedək ora. Bu, dəhşətli bir hiss idi. Dekabrın 1-də elan olunur ki, Laçının azad olunduğu gündür, artıq yer-göy elə bil ki, sizindir”.

Adil Şükürov həm də şəhid oğludur. Məşqçinin atası 1993-cü ildə Beyləqan istiqamətində gedən döyüşlərdə ali zirvəyə yüksəlib. Bundan başqa mütəxəssisin doğmaları arasında da şəhid və qazi olanlar var.

Adil Şükürov- “Kəpəz”in baş məşqçisi: “Əmim 1992-ci ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid oldu. Əmimdə onu yaşamışdıq. İkinci dəfə bu hissi öz valideynimdə yaşayanda, həqiqətən də mənim üçün çox böyük bir şok olmuşdu. Böyük qardaşım hərbi xidmətə yollandı, qazi olaraq qayıtdı. Əmilərim və dayılarım Laçın uğrunda gedən döyüşlərdə davamlı olaraq iştirak ediblər və qazi olublar”.

Çalışdırıcı gələcək arzularını da dilə gətirib. O, lazımi infrastruktur yaradılandan sonra ata-baba torpağında Laçın futboluna məşqçi kimi töhfə vermək istəyindədir.

Adil Şükürov- “Kəpəz”in baş məşqçisi: “Çox istərdim ki, Laçının bir futbol komandası olsun. Allah nəsib etsin, həmin komandada işləyə bilim. Fərq etmir, hansı bir yerdə məni görərlərsə, həmin yerdə canla-başla bütün gücümün, bacarıqlarımın hamısını orada tətbiq eləyərəm. Laçının böyük bir sahələri var. Mən axırıncı dəfə ora gedib həmin əraziləri gördüm və böyük bir infrastruktur qurula biləcək imkanlar var. Laçının bir meydançası da olar, bir Olimpiya Kompleksi də olar və biz də həmin kompleksin bir parçasına çevrilərik”.

Adil Şükürov 1977-ci ildə Laçının Uludüz kəndində anadan olub. Doğulduğu ildən ailəsi ilə birlikdə Bakıya köçsə də, işğala qədər ara-sıra doğma yurduna gedib-gəlib. İndisə məşqçi tezliklə Laçına birdəfəlik dönəcəyi günü səbirsikliklə gözləyir.

Orxan Cəfərzadə