• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1595
— 28.11.2023 10:11

Beyində paxıllıq nədən yaranır?

Paxıllıq insana aid olan təbii hissdir. Birinin uğurunu görəndə, ona paxıllıq edib, uğurunu qısqanırıq. Bəzən isə paxıllıq ilə rəqabət hissini qarışdırırıq. Maraqlıdır, ümumiyyətlə beyində paxıllıq nədən yaranır? Sualımıza psixoloqumuzun cavabı aydınlıq gətirəcək.

Taciyə Mehdisoy- psixoloq: “Ümumiyyətlə insanlar həmişə özlərini başqaları ilə müqayisə edir. Əgər özündə  lazımi dəyərləri, həyatında yaxşı bir mövqeyi, uğuru, nailiyyəti görə bilmirsə, başqasının uğurunu həddindən artıq dəyərləndirmiş olur. Onlar artıq başqalarının rahat həyatını həzm edə bilmir, bu da onların gündəlik həyatlarına, düşüncələrinə və planlarına təsir etmiş olur. Bəzi hallarda bunu, prinsipli həyatın başlanğıcı kimi görə bilirlər. Amma əgər bir həyat bizə “prinsipli” həyat deyə təqdim olunursa, gündəlik həyatmızda narahat duyğular verirsə, biz onun adına paxıllıq deyə bilərik”.

İnsan paxıl doğulmur, bu hiss sonradan yaranır. Paxıllıq insanın qəlbində uşaq vaxtından kök salır. Ailənin ilk uşağı bir az böyüdükdən sonra valideynlərindən “qardaş və ya bacı”-nın olmasını istəyər. Lakin ailəyə yeni körpə gələndə, ilk uşaqda narahatçılıq hissləri xoşbəxt hisslərdən daha çox olur. İkinci uşaq dünyaya gələndən sonra böyük uşağın həmişə gördüyü, adət etdiyi o xəyal dünyası dağılır. Çünki hər zaman, hər kəsin diqqətinin yalnız onda olmasına alışıb.

Taciyə Mehdisoy- psixoloq: “Ümumilikdə ailədaxili münasibətlərdə övladlar arasında paxıllıq  hissi varsa, burda əsas yük valideynin öhdəsinə düşür. Çünki uşaqlar, bir-birilərini özlərinə rəqib görürlər. Valideynlər də doğru sevgi, qayğı və hörmət payını verə bilmədiyi müddətdə uşaqlar arasında ayrıseçkilik, onun xüsusiyyətlərini dəyərləndirməsi, başqa uşaqda qıcıq  yaradır. Həmişə aşağlanmış uşaq, yüksəyə qaldırılmış uşağa qarşı neqativ duyğu bəsləyir. Ona görə də o başlayır böyük uşağı qısqanmağa və uğurlarını görməməzlikdən gəlməyə”.

Paxıllıq hissindən uzaq olmaq üçün insan öz mənfi cəhətləri görməli, taleyi ilə barışmalı, öz həyatında və xasiyyətində müsbət meylləri qəbul etməyi bacarmalıdır. Paxıllıq etməmək üçün həyatda ən kiçik uğurlara görə sevinməyi də öyrənmək lazımdır. Ətrafda baş verənlərə, kiminsə uğuruna xoş hisslərlə yanaşmaq paxıllıq hissinin keçməsinə kömək edir.  Daim öz üzərində işləmək bilik və təcrübəni artırmaq lazımdır. Bu halda xoş olmayan məsələlər haqında fikirləşmək və paxıllıq etmək üçün vaxt qalmayacaq.

Taciyə Mehdisoy- psixoloq: “Ümumiyyətlə paxıllıq hissi insanlara sağlam prinsip vermir. Əgər biz bir işi qazanmaq istəyəndə ondan zövqa almırıqsa və yaxud həyata keçdikdən sonra uğurumuzu uzunmüddətli sevincə calamırıqsa, bu deməkdir ki, bizdə paxıllıq hissi baş qaldırır. Rəqabət hissi sağlam olur, yalnız həmin meydanın özündə və həmin rəqibin qarşısında. Biz sağlam şəkildə məğlubiyyətimizi, ya da qalibiyyətimizi yaşaya bilməliyik”.

Günay Əsgərova

ƏTRAFLI...