Vətən müharibəsində Azərbaycanın qalibiyyətindən sonra Ermənistan uğursuzluğunu kölgələmək üçün günahkar kimi Rusiyanı gördü. Ötən ildən başlayaraq isə Moskva ilə əlaqələrini zəiflətməyə başladı. Bunu, Qərbə meyllənən Nikol Paşinyanın çıxışları zamanı səsləndirdiyi fikirlər və Ermənistanın üzv olduğu KTMT-nin iclaslarında iştirak etməməsindən görmək mümkündür. Bütün bunlar İrəvanın həm Rusiyanı artıq müttəfiq kimi qəbul etməməsi, həmçinin KTMT-dən ayrılmaq istəməsinəmi hesablanıb?
Elşad Həsənov- siyasi şərhçi: “Ermənistanın iqtisadiyyatının 70 faizdən çoxu Rusiyanın əlindədir. Ona görə Ermənistanın çaba göstərməsi, Rusiyadan aralanması, KTMT-dən çıxması mümkün görünmür. Görünən odur ki, yaxın zamanda Ermənistanda vəziyyət daha da gərginləşəcək. Qərb, Amerika Ermənistana dəstəklərini bəyan edirlər. Rusiyanı sıxışdırıb çıxarmaq istəsələr, Rusiya təbii ki, orada öz sözünü deyəcək, yəni hərbi müdaxilə edəcək və Ermənistan Ukraynadan pis günə düşəcək. Bu da erməni xalqına çox baha başa gələcək”.
Qərb eyni zamanda Ermənistana dəstək olaraq bölgədə sülhə də mane olur. Cənubi Qafqaza maraq göstərən Amerika və ermənipərəst Avropa ölkələri müəyyən qəbuledilməz addımlar ataraq, ötən il olduğu kimi cari il də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə əngəl törədirlər. Elşad Həsənov- siyasi şərhçi: “Son dövrlər Qərbin Ermənistanı silahlandırması, xüsusilə Fransanın bu işdə aktivlik göstərməsi yenidən münaqişə zonası yaratmaq, gərginliyi artırmaq, sülh müqaviləsinin bağlanmasını yubatmaq məqsədi güdür. Eynilə ötən il Paşinyan qeyd edirdi ki, ilin sonundək sülh müqaviləsi bağlanacaq, o zaman Makron buna maneçilik törətdi. Bu il də görünür ki, Qərb həmin prosesi davam etdirir”.
Bunun fonunda reallaşması üzərində cəhdlər davam edən Zəngəzur dəhlizi məsələsi də gündəmdə qalmaqdadır. Ermənistanın yaşıl işıq yandırmaq istəmədiyi bu yolun İrandan keçməsi də gündəmdədir.
Tural İsmayılov- siyasi şərhçi: “İran Zəngəzur dəhlizini özünün ideolojik əsasları üçün təhdid hesab edir. Əslində Zəngəzur dəhlizinin açılması Təkcə Azərbaycan və Türkiyənin deyil, eyni zamanda regionun böyük ölkələri, xüsusilə Rusiyanın, hətta Çindən uzanan kommunikasiya layihələrinin də çox ciddi formada marağındadır. Sadəcə olaraq İranda tarixi Güney Azərbaycan qorxusu var və ona görə də türk dünyası arasındakı logistik kommunikasiya birliyini özünün dövlətçiliyi, suverenliyi və gələcəyi üçün təhdid hesab edir”.
Bundan başqa İran Rusiyanı regionda özünə ən böyük rəqib hesab edir və Zəngəzur dəhlizinə rusların nəzarət etməsini istəmir. Elə Moskva da dəhlizin Ermənistan ərazisindən yox, İrandan keçməklə reallaşmasından narahatdır. Qısacası hər iki dövlət Qərb qarşısında müttəfiq kimi görünsələr də, bölgədə geosiyasi baxımından bir-birinə rəqibdirlər.
Tural İsmayılov- siyasi şərhçi: “Rusiya və İran bu günü Qərb imperializminin basqıları qarşısında beynəlxalq təşkilatlarda guya bir-birini dəstəkləsələr də, hamıya bəlli olan məsələ odur ki, Rusiya və İran bir-birini geopolitik rəqib görürlər. Yəni bölgədə nə İran Rusiyanın həddindən artıq güc olmağını, Rusiya İranın həddindən artıq siyasi və hərbi güc kimi aparmağını qəbul edə bilməz. Bu baxımdan Rusiya-İran müttəfiqliyi bu gün formal xarakter daşıyır və istəniən çətin situasiyada və qərarlarda biz Rusiya və İranın bir-birinin əleyhinə çıxışlar etdiyini, bir-birinin müəyyən aqressiv ritorikalarını qəbul etmədiyini görürük”.
İstər qərb, istərsə də İran və Rusiya Cənubi Qafqazda maraq güdsələr belə istənilən halda mütləq şəkildə bölgədə sülh və təhlükəsizlik şərtdir. Ermənistan ağlını başına yığsa, Azərbaycanla sülh müqaviləsi bağlayaraq özünün gələcəyinə doğru düzgün siyasət seçmiş olar. Əks təqdirdə, onları acınacaqlı sonluq gözləyir. Vətən müharibəsində olduğu kimi!
Orxan Cəfərzadə
- Baxış: 226