ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kari Henriksen Azərbaycanın Ermənistanla sülh sazişinin yekunlaşdırılması istiqamətindəki səylərini davam etdirməyə sadiqliyini alqışlayıb. Bu barədə ATƏT PA-nın bəyanatında bildirilib. Pia Kauma və Kari Henriksenin Azərbaycana səfərləri ilə bağlı təşkilatın yaydığı bəyanatda qeyd olunub ki, səfər çərçivəsində Azərbaycanın siyasi rəhbərliyi ilə Ermənistanla hərtərəfli tənzimləməyə nail olunması istiqamətində müzakirə aparılıb. Bəyanatda Qarabağın Azərbaycanın regionu olduğu vurğulanıb. "Sülh sazişi və əlaqələrin normallaşmasının irəliyə aparılması üçün konstruktiv iştirak vacibdir" - deyə bəyanatda vurğulanır. Bildirilir ki, indi Azərbaycan və Ermənistan arasında tam nizamlanmaya nail olmaq üçün sürət qazanmağın vaxtıdır. Rəsmi Bakının indi davamlı sülhün bərqərar olması naminə əsl liderlik nümayiş etdirmək imkanı var. Bəyanatda qeyd edilir ki, Azərbaycanın ATƏT PA-da güclü iştirakı regionda çoxtərəfli diplomatiya və dialoq üçün müsbət işarədir. ATƏT rəsmiləri Azərbaycan tərəfinin etnik ermənilərin geri qaytarılmasına kömək göstərilməsi ilə bağlı təşəbbüsünü alqışlayıblar. Nümayəndə heyəti, həmçinin ərazilərin minalardan təhlükəsizliyini təmin etmək, yenidənqurma və reinteqrasiya sahəsində irəliləmək üçün əhəmiyyətli səyləri yüksək qiymətləndirib, beynəlxalq ictimaiyyəti Azərbaycanda təhlükəsizlik və humanitar vəziyyətin inkişafında iştirakını davam etdirməyə çağırıb.
- Baxış: 191