• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1639
— 10.11.2023 17:42

Avtomobillərin qışa hazırlığı payızdan başlayır

KepezTV Player

Sürücülər baş verə biləcək qəzarlardan qorunmaq üçün avtomobillərini fəslə uyğunlaşdırmalıdırlar. Havaların soyuması və mövsümün dəyişməsi avtomobillərin qışa hazırlıq məsələsini vacib edir. 

Canpolad Zeynalov- usta: “Payız-qış ayları gəldikdə, hava tez qaralır. İşıqlardan çox istifadə olunur. Səhər də, axşam da. Ona görə də işıqlara baxılması lazımdır. Dinamosuna, startelinə baxmaq lazımdır. Antifrizə diqqət etmək lazımdır ki, qış aylarında donma olmasın. Salona keçdikdə -sobanın filterinə baxılmalıdır. Radiator kirlənibsə, yuyulmalıdır. Elə adamlar var ki, maşını alırlar, heç baxmadan sürürlər. Maşını ayda bir dəfə ustaya aparmaq lazımdır ki, sıradan çıxan hissəsinin olub-olmamasına baxılsın”.

Avtomobil təmiri sexinə gələn sürücülər də qışa hazırlığın əhəmiyyətinə toxunur. Bəziləri bunu xoş olmayan hadisələrdən sığortalanma, bəziləri adi yoxlama ilə izah edir. 

Yaşa Nağıyev- sürücü: “Qabaqdan soyuqlar gəlir. Ona görə də mən maşını gətirmişəm usta nəzarət eləsin, tənzimləsin. Qış olanda bir də görürsən, maşınlar yaxşı xodlanmır. Bir neçə dəfə sönür və xodlanır. Ona görə bir xəta törənməsin deyə, maşınımı nəzarətdən keçirmək üçün gəlmişəm yoxlanışa”.

Sürücü: “Qış mövsümü yaxınlaşır deyə, sobanın vəziyyəti, xüsusən də hava dəyişir deyə, mövsümə uyğun təkərlərin seçilməsi daha vacibdir. Mən də vaxt olduğu üçün gətirdim yoxlatmağa”.

İman Bayramov- sürücü: “Dostumun maşınını gətirdik. Usta məsləhət gördü ki, maşının təkərində də sürüşkənlik var idi, təkərləri dəyişdik. Balans olundu”.

Qış aylarında avtomobillərdə diqqət edilməli məqamlardan biri də nəqliyyat vasitəsinin şinləridir. Şinlərin mövsümə uyğun dəyişdirilməsi yollarda təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır.

Xəyal Əliyev- usta: “Sürücülərimiz mütləq təkərləri, şinləri dəyişməlidir ki, ən azından təhlükədən uzaq olsunlar. Çünki, qış təkərlərində yerə yapışma çox olur. Bizdə ən çox insanlar bir şey bilir ki, “təkər M+S-dirmi”? - bu sualı verirlər. Yəni 4 fəsildirmi? Nə qədər 4 fəsil olsa da, payız-qış aylarında qış təkərlərinə keçid eləsinlər”.

Mütəxəssislər xəbərdarlıq edir ki, vaxtında avtomobillərə düzgün texniki baxış keçirilərsə, lazım olan əlavə tədbirlər görülərsə, qış fəslinin yaradacağı çətinliklərdən sürücünün də, avtomobilin də asanlıqla çıxması mümkün olar. Həmçinin, pis hava şəraitində yol qəzalarının sayının da xeyli azalmasına zəmin yaranar. 

Aişə Rzayeva