• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1650
— 09.11.2023 19:55

Prezident İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında çıxış edib

KepezTV Player

"Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard dollar sərmayə qoyulub". Prezident İlham Əliyev Zirvə toplantısında bildirib ki, Azərbaycan iqtisadiyyatına qoyulan sərmayənin 200 milyard dolları qeyri-neft sektorunun payına düşür.

İlham Əliyev- Azərbaycan Prezidenti: “Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, biz bərpa olunan enerji sektorunun inkişafına xüsusi diqqət yetiririk. Azərbaycanın bərpa olunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir”.

Dövlət başçısı çıxışı zamanı Ermənistanın Qarabağ ərazisində həyata keçirdiyi etnik təmizləmə siyasətinə də toxunub. Vurğulayıb ki, Ermənistan Azərbaycanın doqquz şəhərini və yüzlərlə kəndini yer üzündən silib.

İlham Əliyev- Azərbaycan Prezidenti: “Ermənistan Azərbaycanın 20 faizə yaxın ərazisini təqribən 30 il ərzində işğal altında saxlamışdır. 67 məsciddən 65-i dağıdılmış, qalanları isə inək və donuz saxlanılması üçün tövlə kimi istifadə olunmuşdur. Bu il sentyabrın 19-20-də keçirilmiş bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Biz ərazi bütövlüyümüzü və suverenliyimizi güc yolu ilə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa etmişik və bununla qürur duyuruq”.

"Xəzərdən keçən Orta dəhliz təşəbbüsünün əhəmiyyəti qlobal proseslər qarşısında daha da artıb". Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Daşkənd toplantısında hər bir ölkəyə fayda verəcək dəhlizin işlək olması üçün koordinasiyalı səylərin vacibliyini vurğulayıb. Həmçinin Qarabağdan Əfqanıstana qədər ümumi coğrafiyada baş verənlər fonunda həmrəyliyin qorunmasının zəruriliyinə diqqət çəkib. Bu əsnadan Ermənistana çağırış etməyi də unutmayıb.

Rəcəb Tayyib Ərdoğan- Türkiyə Prezidenti: “Qarabağda 30 ildən də çox davam edən işğalın tamamilə sona çatması ilə bölgəmizdə davamlı sülhə bir addım daha yaxınlaşdığımızı görürük. Ermənistanın Azərbaycan qarşısında öhdəliklərini yerinə yetirməsi bu prosesi daha da asanlaşdıracaq. Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı bir-birinə bağlayacaq xəttlərin ən yaxın vaxtda təsis edilməsinin strateji əhəmiyyəti böyükdür”.

İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında növbəti sammitin Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Azad Mustafayev