Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Bu il artıq üçüncü dəfədir ki, Dövlət Bayrağı Günü işğaldan azad edilən Azərbaycan torpaqlarında da qeyd olunur. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız azad edilib. 44 gün davam edən Vətən müharibəsi dövrü Azərbaycanın qələbəsi ilə başa çatıb və azad edilən torpaqlarda Azərbaycanın şanlı bayrağı ucaldılıb. Bu ilin sentyabrında 23 saatdan bir qədər çox davam edən lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq dövlət başçısı oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər edib, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırıb. Hazırda azad edilmiş bütün torpaqlarda bayrağımız dalğalanır.
- Baxış: 135