Vətənin sevməyən insan olmaz,
Olsa, o şəxsdə vicdan olmaz.
Ata-babalarımızdan əmanət olaraq aldığımız, bu gözəl, səfalı təbiətə malik yurdumuzu qoruyanlar, onun üçün canlarını verənlər heç vaxt unudulmur. Unudulmayaq.
Tural Xanəliyev– 44 günülük müharibə qazisi: “Ayın 26-sı bizi Murov dağ istiqamətinə qaldırdılar və 27-si səhər tezdən artıq müharibə başladı. Hər şeyə hazır idik: şəhid olmağada, yaralı da ola, itkin də düşə bilərdik, yəni bütün bunların hamısına hazır idik. Əsas istiqamət o idi ki, torpaqlarımızı düşməndən azad edək. Və artıq elə alındı ki, döyüş başladı, müharibənin ilk günlərində mən yaralanmışdım. Düşmən postuna çata-çatda bizim artilleriya qüvvələri düşmən postunu darmadağın etdilər. Sonra bizə əmr verildi ki, piyadalar irəli, biz də irəli getdik. Ancaq biz bilmirdik, düşmən bizi izləyir. Və nəticədə biz onların postuna çatanda pusquya saldılar. Mən yaralanandan sonra 5 saat neytralda qalmışam. Heç onu da özüm xatırlamıram. Sonra döyüş yoldaşlarım mənə danışırdı ki, bəs biz düşmən postunu duman tutanda xilas edə bildik”.
44 günlük müharibə ərzində öz şücaətləri ilə xalqımızın yenilməzliyini sübut edən gənc qəhrəmanlarımız oldu. Əvvəlcə onu qeyd edim ki, vətən sevgisi hər birimizə uşaq yaşlarından aşılanmalıdır. Bu məsuliyyətli işi valideynlərlə birlikdə, məktəblərdəki təlim-tərbiyəçilər də yerinə yetirir. Beləcə, vətənpərvər ruhda böyüyən gənclərimiz yetişir.
Tural Xanəliyev– 44 günülük müharibə qazisi: “Biz xəstəxanada yatanda gənclər, məktəbli uşaqlar bizim yanımıza gəlib, şeir deyirdilər, hədiyyələr alırdılar. Hələ orda bir qadın var idi. Bizə bir kilo şokolad alıb, gətirmişdi. Yəni kimin nəyə gücü çatırdı, onu edirdi. Onların bizi ziyarət etməyi bizi o qədər sevindirirdi. Həm millətimiz, həm də dövlətimiz bizə o qədər dəstək olurdu ki, bu, həqiqətən sevindirici hal idi. Orda qabaqda döyüşür, arxa cəbhədən isə orduya dəstək olmaq ordunun həmişə güclü olacağından xəbər verirdi. Əgər orduya dəstək olmasa, bunu hər cəhətdən nəzərdə tuturam, həm ərzaq, həm də mənəvi cəhətdən, ordu heç vaxt qalib ola bilməz. Biz, demək olar ki, hər bir şeylə təmin olunurduq. Bütün bunları da xalqımız edirdi. Arxa cəbhə də bizimlə birlikdə vuruşurdu. Bəli, xalqımız bizə çox böyük dəstək oldu. Hər kəsə öz təşəkkürümü bildirirəm”.
Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir. Vətəni qorumaq, mühafizə etmək üçün əqidəli, qətiyyətli vətəndaşlara ehtiyac var. Çünki vətən məhəbbəti, həqiqi yurd sevgisi ilə yaşayan vətəndaşlara xas olan qabarıq xüsusiyyətlərdəndir. Son olaraq onu deyə bilərəm ki, Vətən mənim, sənin, bizim – hamımızındır. Vətən torpağına ayaq basmaq, azadlıq deməkdir. Bu azadlığın əbədiliyi isə bizim onu qorumağımız və nəsildən-nəslə böyük qəhrəmanlıq dastanı ilə ötürməyimiz ilə mümkündür.
Lalə Bağırova
- Baxış: 267