Sumqayıtda evə silahlı basqın zamanı yaralananların son durumu açıqlanıb. Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsində müalicə alan 1990-cı il təvəllüdlü Etibar Sarıyev ambulator müalicə üçün evə buraxılıb. Qeyd olunub ki, cərrahiyyə şöbəsində müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyevin vəziyyəti kafidir. Travmatologiya şöbəsində müalicə alan 1960-cı il təvəllüdlü Tərlan Fərəcovanın vəziyyəti isə stabil qiymətləndirilir. Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb. İstintaq-əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum edilmiş 1987-ci il təvəllüdlü Müşfiq Tağıyev hadisəni törətməkdə şübhəli şəxs qismində saxlanılıb. Barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
- Baxış: 296