• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1385
— 05.11.2023 20:16

Azərbaycanda selektiv abortun yaratdığı təhlükə

KepezTV Player

Övlad sahibi olmaq hər bir ailənin arzusudur. Ancaq bu xoşbəxtliyi yaşamaq hər kəsə nəsib olmur. Bəziləri isə uşağın cinsindən narazı olduğundan, valideyn statusu daşımır. Oğlan uşaqlarının olmasını arzu edənlərin əl atdığı selektiv abortlar isə, demoqrafik balansın pozulmasına səbəb olur. 

Hicran Xəlilova- valideyn: “Bir oğlum var, ikinci oğlumda da cinsiyyət öyrənmək bizə o qədər də fərq etmədi. Bizə uşağın sağlamlığı lazımdır. Tövsiyə etmirəm ki, cinsiyyət bilib, uşağı tələf etməyə ehtiyac yoxdur”.

Statistik rəqəmlərə görə, ölkə əhalisinin 50.2 faizini qadınlar, 49.8 faizini isə kişilər təşkil edir. Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbət ciddi şəkildə pozularsa, 2050-ci ilədək doğulan oğlanların sayı qızlardan 12-15 min çox olacaq. 

Yeganə Verdiyeva- cərrah mama-ginekoloq: “Bizim ölkəmizdə abortun həddi 12-ci həftəyə kimi olunur. 12-ci həftədən sonra tibbi göstəriş olmadan abortların edilməsi cinayət məsuliyyəti daşıyır. Selektiv abortlardan əlavə, maddi vəziyyətin olunması üçün abortlara daha çox müraciət var. Abortla bağlı xəstəxanamıza müraciətlər avqust ayında 109, sentyabr ayında 64, oktyabr ayında isə 44 olub. 12-ci həftədən sonra cinsiyyəti bilinir, bilinəndən sonra bir də olur ki, valideynin fikri dəyişir, aborta gəlirlər, biz də çalışırıq ki, onları saxlayaq, yola gətirək”.

Bəziləri oğlan uşağına ailənin davamçısı, qazanc mənbəyi kimi baxır. Hazırda Azərbaycanda hər 100 qıza 105-107 oğlan düşür. Sosioloqlar hesab edir ki, hələlik rəqəmlər normaldır. Ancaq irəliəyən illərdə cins nisbətinin pozulması təhlükəli hal ala bilər.

İlham Məmmədov- sosioloq: “Gələcəkdə, nikah məsələsində ciddi problemələrə rast gələcəklər, məcburən Azərbaycanda - azərbaycanlı oğlanların, əcnəbi qızlarla evlənməsinə gətirib çıxaracaqdır. Bu da Azərbaycan xalqının genofonduna ciddi təsir göstərəcək amillərdən biri olacaqdır. Elə sahələr vardır ki, orada qadınların çalışmağı əsas üstünlük götürüldüyü halda, burada artıq işləmək üçün qadınlar tapılmayacaq. Bu da gələcəkdə cəmiyyətin inkişafına ciddi təsir göstərəcək amillərdən biridir. Ona görə də bugünkü gündə biz cəmiyyət olaraq bu məsələyə xüsusi diqqət göstərməliyik”.

Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsindən məsələ ilə bağlı şifahi bildirildi ki, cins seçiminin qarşısının alınması, oğlan uşaqlarına üstünlüyün azaldılması və bunun kökündə dayanan gender stereotiplərinin aradan qaldırılması məqsədilə, uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025 illər üçün tədbirlər planı təsdiqlənib. Həmçinin komitə “Gender əsaslı cins seçimi və adiyyatı zərərli təcrübələrin aradan qaldırılması” qlobal proqramı çərçivəsində bu sahədə işləri davam etdirir.

Aişə Rzayeva