Qış fəslində qapalı hovuzda üzməyin həm fiziki həm də psixoloji cəhətdən xeyri var. Bu, qan dövranına, immun sisteminə müsbət təsir edir. Xəstəliklərin daha çox rastlandığı qış fəslində qazanılan möhkəm immunitet orqanizmin dayanıqlılığını gücləndirir. Buna su prosedurları ilə nail olmaq mümkündür.
Üzgüçülük və ya suda idman. Deyilənə görə, bütün bədən əzalarının hərəkətdə olduğu idmanın bir növü. Əsasən də sinir, nəfəs və ürək-damar sistemini yaxşılaşdıran su hərəkətləri ilin bütün fəsillərində əlçatandır. Elə havaların soyumağa doğru getdiyi indiki dövrdə də.
Xəyalə Əhmədova- həkim: “Qış aylarında uşaqlarda fəsildən asılı olaraq depressiya yaranır, qan dövranı zəifləyir. Ona görə də üzgüçülük onlar üçün ən yaxşı üsuldur. Həm də üzgüçülük ürək-damar sisteminə yaxşı təsir göstərir. Eyni zamanda immun sistemini möhkəmləndirir. Çünki, isti soyuqla təmas olur deyə, uşaqlarda yaxşı immunitet formalaşır. Xəstəliklərin sayı da bu zaman azalmağa başlayır”.
Bu idman növünə hobbi və ya vaxt keçirməyin bir növü kimi də baxanlar az deyil. Elə Gəncə Olimpiya Kompleskinin üzgüçülük hovuzuna müraciətlər də bunu deməyə əsas verir. Burada eləcə müxtəlif yaş qrupları üzrə məşqlər də keçilir.
Məzahir Hüseynzadə- üzgüçü: “Uşaqlığımdan bu idmana böyük həvəsim olub. 10 yaşımdan bu idman ilə məşğul oluram. İndi 15 yaşım var. Qışda məşqlərimiz daha əlverişlidir. Daha yaxşı üzürük. Brass üzrə şəhər çempionu olmuşam. Həmyaşıdlarımı bu idman növü ilə məşğul olmağa çağırıram”.
Yusif İsmayılov- üzgüçü: “Mən şəhər üzrə krol çempionuyam. İki dəfə Respublika yarışlarına getmişəm - ikinci və birinci yerləri tutmuşam. Bu idman növünü çox sevirəm. Bu idman növünə gəlmişəm ki, həm güclü olum həm də hündür olum və dünya çempionu olum. Müəllimim istədiyi kimi”.
Üzgüçülükdə diqqət edilməli məqamlardan biri də düzgün su və nəfəs hərəkətləri etməkdir. Bu işdə isə köməyə məşqçilər gəlir.
İradə Kərimova- məşqçi: “Bütün gigiyenik qaydalara riayət edirik. Suyumuzun dərəcəsi 30-a yaxındır. 29-30 dərəcə olur. İstəyərdim ki, uşaqlarımız, xanımlarımız gəlsinlər üzsünlər, məşq eləsinlər. Yaxşı qruplarımız var. Həmin qruplarda uşaqlarımızı öyrədirik”.
Peşəkar müəllimlər tərəfindən gənc üzgüçülərə bu idman növünün sirləri və üsulları öyrədilir.
Ramin Paşayev
- Baxış: 366