Gözmuncuğu taxmaq, nəzər dəyməsin deyə qapıdan at nalı və ya iydə budağı asmaq, ölən birinin paltarını evdən çıxarmaq, qara pişik gördükdə yolunu dəyişmək, gecə ev süpürməmək, 13 rəqəminin uğursuz olduğuna inanmaq xalq arasında geniş yayılmış inanclardandır. Fikrini öyrəndiyimiz şəhər sakinləri inanclara inanmasalar da, hələ uşaqlıqdan onlar haqqında böyüklərdən eşitdiklərini bildirdilər.
Folklorşünaslar hesab edirlər ki, kökü keçmişə dayanan bu inancların elmi əsasları var.
Salman İmanlı- folklorşünas: “Mənə elə gəlir ki, bunun tarixi keçmişi var. Yenə də bu tarixi keçmişi insanların qoruyub-saxlaması, cəmiyyətin saxlaması yaxşı əlamətdir, amma insan həyatına zərər vuracaq inancların bugünkü bizim gündəmimizdə, həyatımızda qalmasının əleyhinəyəm. İnsanlar atdığı addımların və yaxud onların başına gələcək hər hansı bir qədərin, biz bunu qədər adlandırırıq, təbii ki, onun birinci səbəbkarları zaman-zaman onun keçdiyi yollar olur. İnsan hardasa səhvə yol verirsə, bunu səhv nəticəsində öz həyatında sonradan görürsə, bunu düşünməsin ki, filan yerdə inancı əsas götürmədim, mənim başıma bunlar gəlib. İnsan səhv edirsə onun nəticələrini görməlidir”.
Mütəxəssislərin sözlərinə görə, insanlar psixoloji həssas dönəmlərində həyatlarında baş verən neqativ hadisələri inanclarla bağdaşdırırlar. Bir növ özlərinə bununla təsəlli verirlər.
Sona Davudova- psixoloq: “Biz ətrafımıza baxsaq, görərik ki, insan özünü yaxşı, xoşbəxt, şən hiss etdiyi zaman hər hansı bir əşyaya, rəqəmə, heyvana fikir vermir. İnacların gətirib çıxardığı insan psixologiyasında ən pis məqam ondan ibarətdir ki, əgər o inanc, o düşüncə hər hansı bir hadisə ilə bağdaşdığı zaman, artıq insanda bu düşüncə möhkəmlənməyə başlayır. O isə bizim absessiya dediyimiz vəsvəsələrə səbəb olur”.
Bəzi insanlar isə düşünürlər ki, heç bir elmi əsaslara söykənməsə də, inancları arabir sınaqdan keçirmək olar. Axı bu dünyanın şübhələr altında qalan bəlkələri çoxdur... Əsas odur ki, inanclar insan həyatına və psixologiyasına zərər vurmasın.
Aişə Rzayeva
- Baxış: 226