Qədim alban memarlığı, orta əsrlərə aid yaşayış yerləri, yaşı 2-3 əsrə bərabər olan körpülər Suqovuşan və Talışda tarixi abidələrin tədqiqinə əsas yaradır. Suqovuşanda yüksək dağlıq ərazidə yerləşən 12-ci əsrə aid Müqəddəs Yelisey monastrı mütəxəssislərin bu baxımdan diqqətini cəlb etməyə bilməz. Qəsəbəyə gedərkən çay üzərindəki körpü və 19-cu əsrə aid Kilsə də elmi araşdırmaların obyekti ola bilər.
İsa Həbibbəyli- AMEA-nin prezidenti: “Tarixi tikililər baxımından burada xeyli elm üçün də, uzun illər işğalda olduğu üçün öyrənilmədiyinə görə geniş imkanlar görürəm. Bu yaxınlıqda çayın üzərindən keçərkən, bir neçə körpünün üzərindən adlayıb bura gəldik. O körpülərin hər birinin tikilmə üsulu, arxitekturası, memarlığı, İpək yolu baxımında əhəmiyyəti, iqtisadi-ticarət baxımından mahiyyəti elm üçün böyük material verir. Eyni zamanda burada təkcə Azərbaycan deyil, bu ərazilərdə alban abidələri də var”.
Talış kəndində 12-ci əsrdə inşa olunan alban memarlığına aid Ürəkvəng monastrı və orta əsrlərə aid yaşayış yeri bu ərazilərdə tədqiqat aparmaq üçün unikal imkanlar açır. Tarixi tikililərin elmə məlum olmayan tərəflərinin ilkin olaraq araşdırılmasına başlanılıb. AMEA prezidentinin sözlərinə görə, abidələr ətraflı şəkildə öyrəniləcək.
İsa Həbibbəyli- AMEA-nin prezidenti: “Mən hesab edirəm ki, 30 il elmdən kənarda qalıb, burada mənimlə birlikdə AMEA-nın arxeologiya institutu da iştirak edir. Artıq ilkin müşahidələrə, ilkin tədqiqatlara başlamışıq. Geniş potensial var. Xalqımıza cənab prezidentin böyük sərkərdə kimi qaytardığı bu torpaqların elmi əhəmiyyətini, mahiyyətini izah etmək Azərbaycan aliminin borcudur. Bu iş başlanıb və davam edəcək”.
İşğaldan azad edilən ərazilərdə aparılacaq arxeoloji qazıntılar, eləcə də az öyrənilən tarixi abidələrin tədqiq olunması yeni elmi faktların üzə çıxmasına şərait yaradacaq.
Orxan Cəfərzadə
- Baxış: 253