Azərbaycan Güləş Federasiyası ölkəmizdə bu idman növünün daha da inkişaf etməsi üçün müxtəlif layihələrin icrasını davam etdirir. Bunlardan biri də bu gün start götürən güləş məşqçilərinin ümumrespublika seminarıdır. Gəncədə qərb bölgəsinin məşqçiləri üçün təşkil edilən məşğələlərə 100-dən çox mütəxəssis qatılıb. Seminar çalışdırıcıların həm nəzəri, həm də praktiki bilik və bacarıqlarını daha da təkmilləşdirmək məqsədi daşıyır. Eyni zamanda yarışlar zamanı davranış qaydaları, xalların düzgün qiymətləndirilməsi məşqçilərin diqqətinə çatdırılıb. Federasiyanın məşqçi və hakimlərdən ibarət heyətinin iştirak etdiyi təlimlər oktyabrın 25-dək davam edəcək və Nizami yurdundan sonra Göyçay, Sabirabad, Xırdalan, Bakı və Naxçıvanda keçiriləcək.
Sərxan Musayev- AGF-in mətbuat katibi: “Uzun müddətdir belə seminarlar keçirilmirdi və Azərbaycan Güləş Federasiyası olaraq bizim də əsas strateji planlarımızdan biri odur ki, bütün ölkə üzrə məşqçilərin bilik və bacarıqlarını daha təkmilləşdirməliyik. Çünki hər şey məşqçilərdən başlayır və əgər məşqçilərimizin bacarıqları istənilən səviyyədə olsa, o zaman biz istənilən keyfiyyətdə idmançı yetişdirə bilərik. Bu məqsədlə artıq bu gündən etibarən ümumrespublika güləş məşqçilərinin seminarına başladıq. İlk dayanacağımız Azərbaycan güləşinin Məkkəsi hesab olunan Gəncədir”.
Mikayıl Sadıqov- məşqçi: “Seminar məşqçilərin işini günün tələbləri səviyyəsində qurmasına yönəlib. Hər bir məşqçi bundan nəticə çıxarmalıdır, özünə nə isə örnək götürməlidir. Çox faydalı oldu. Həmişə keçirilsə daha məqsədəuyğun olardı”.
Fazil Həsənov- məşqçi: “Belə seminarların keçirilməsi bizim üçün çox əhəmiyyətlidir. Gənc kadrların məşq strukturunu öyrənməyi daha da yaxşıdır. Mən bu ildən məşqçi kimi fəaliyyət göstərirəm. Bu, mənim və həmkarlarım üçün də yaxşıdır ki, bilmədiklərimizi öyrənirik, bildiklərimizi paylaşırıq. Belə təlimlərin tez-tez keçirilməsi faydalıdır ki, bilmədiklərimiz boşluqları tam dolduraq”.
Orxan Cəfərzadə
- Baxış: 331