Solmaz Cəbiyeva- Meşəli kənd sakini: “Bizim kəndə Vaqifin dəstəsi dağ çəkdi. Onun yanında Ernes, İlya, Armais neçələri hamısı səs böyüdücü ilə bizə danışıb deyirdilər ki, çıxın kənddən hamınızı girov götürüb öldürəcəyik. Elə də elədilər. Altıncı sinfin şagirdi Vidadi var idi, onu yandırdılar. Bir maşın yaralı aparanların qarşısını kəsdilər, 4-5 nəfəri də orada şəhid elədilər”.
1991-ci ilin dekabrında Meşəlidə yaşananlar dinc sakinlərə qarşı növbəti erməni qırğınıdır. İndi məhkəmə qarşısında cavab verən Vaqif Xaçaturyanın bələdçiliyi ilə kənd sakinlərinin başına oyun açılır. Yaşanan müsibət və amansızlıq soyqırımdan can qurtaranların yaddaşına həkk olunan silinməyən izdir.
Tahirə Kazımova- Meşəli kənd sakini: “Vaqif Xaçaturyan oranın bələdçisi idi, ora gəlib-gedən adamlar idi. Hər dərəsini, yolunu bilirdi. Özüm səkkiz aylıq hamilə idim, o yolu necə getdim bilmirəm. Orada zərbə aldım, uşaq bədənimdə öldü. Atamın qəbrini 32 ildən sonra ziyarətə gedəndə orada eşitdik ki, tutulub. Həm sevindik, həm də qürur hissi duyurduq ki, biz bu gün atamızın qəbriniz ziyarətə gedəndə o qatil tutulub”.
Zeynəb Qasımova- Meşəli kənd sakini: “Vaqif oldu və onun da yanında gələn dəstələr oldu. Quldurlar, vəhşilər oldu. 4 hərbçi çıxdı bizi dərəyə endirib, çay yuxarı qaldırıb Qaragəvin kəndinə apardılar. Kəndimizin ağsaqqalları, Qənimət kişi, mənim qaynatam, Novruz və ailə üzvlərini hamısını öldürdülər. Şükür olsun ki, o, bizim Azərbaycan xalqının qarşısında başını əydi. Onun boynunun arxasından basdılar, o, mənim ürəyimdə xeyli təsəlli oldu”.
O dəhşətli soyqırım zamanı Xocalı rayonundan, eləcə də ətraf kəndlərdən olan sakinlər Meşəliyə köməyə gələrək gecəykən qadınları, uşaqları, qocaları gizli yolla kənddən çıxardılar. Bunun nəticəsində Meşəli kənd sakinlərinin bir çoxu sağ qaldılar.
Qalib Quluyev- Kosalar kənd sakini: “Əgər Xocalıdan və Kosalar kəndindən döyüşçülər köməyə gəlməsəydilər, soyqırımın nəticələri daha ağır ola bilərdi. Özlərini köməyə yetiriblər və Meşəli igidləri ilə birlikdə vuruşublar. Meşəli soyqırımı dəhşətli soyqırımlardan olub. Ermənilərin məqsədi o olub ki, Meşəlidən bir nəfər də sağ çıxmasın. Bu gün Vaqif Xaçaturyan məhkəməsində ağlayır. Ancaq onun göz yaşları yalançı göz yaşlarıdır. Onun günahlarını heç nə təmizləyə bilməz”.
Bəli, Vaqif Xaçaturyan kimi insan canilərinin yaşatdıqları dəhşət unudula, yaddan çıxa bilməz. Ələlxüsus da o günləri yaşayanların xatirəsindən. Ancaq təsəllimiz də var. Canilər ədalət qarşısında cavab verir, işğala son qoyulub və suverenliyimiz tamdır.
Elnur Vahidoğlu
- Baxış: 247