Nizami Ağayev- sakin: “Necə gəldim bilmirəm, tələsik çatdım. Gördüm ki, həmin ətraf toz-duman içindədir. Darvaza yox, ev tozun içində idi. Heç nə görsənmirdi. Qızım Züleyxa, kürəkənim Röyan, onların qızı - nəvəm bir yaş yarımlıq Mədinə öldü”.
Ata, qaynata və baba! Bu adları özündə birləşdirən bir insanın dilindən səslənir bu ağır kəlmələr. O kəlmələr ki, eşidəndə belə dəhşətə gəlirsən. Dinc sakinlərin, günahsız insanların yaşadığı ərazinin qəddarcasına raket atəşinə tutulması, özü də qadağan olunmuş silahla vurulması məqsədli xarakter daşıyan cinayət idi.
Camal Ağayev- sakin: “Şəhid əmim qızıdır. Üç il bundan öncə biz xəbəri eşitdik, getdik. Dağıntını gördük, dəhşətə gəldik. Şükürlər olsun ki, prezidentimiz Xankəndinə bayraq asıb. O canilər tutulubdur. Onlar hamısı qanun qarşısında cavab verəcəklər. Bizdən ötrü böyük fəxr idi ki, elə canilər - bizim düşmənlər tutulub cəzalandırılacaqdır”.
Elşən Həmidov- sakin: “Royal Şahnəzərovla mən illərin dostu olmuşuq. Tale elə gətirdi ki, biz bir sahədə çalışdıq. Mənfur düşmənlərin raket bombaları nəticəsində bir ailə, günahsız insanlar, uşaqlar məhv oldu. Bu gün bizim tapdığımız təskinlik, əldə olunan qalibiyyətdir”.
Düz üç il bundan öncə həmin gecə Ermənistan silahlı birləşmələrinin Gəncənin Cavadxan qəsəbəsini də raketlə vurması insan tələfatı ilə nəticələndi, dinc sakinlər yaralandı, evi-eşikləri dağıldı.
Abduləli Yusifov-sakin: “Oktyabırın 17-i gecə saat birə beş dəqiqə qalmış raket düşdü. Biz səsə gəldik və gəldik ki, ev dağılıbdır. Yeri qazdıq, uşağı çıxardıq. Daha sonra bacım qızını çıxardıq. Təəssüflər olsun ki, bacımı çıxara bilmədik, gec idi. Şəhidlərimizin qisası alındı. Terrorçuların başçısı da tutuldu. Onun da cəzası veriləcəkdir”.
Çiçək Ellazova- sakin: “Qardaşımın yoldaşı öldü. Bütün ev dağıldı. Dəhşətli gün idi. Bu gün şükür olsun ki, torpaqlarımız alındı”.
Abbasqulu Hüseynov- sakin: “Yerimdən qalxdım, yalnız onu bildim ki, görüm nəvəm sağdırmı. Şükür çığırırdı, ancaq salamatçılıq idi. Nəvəmi çıxartdım, yoldaşıma kömək etdim, o da çıxdı. Gör onlar nə qədər vicdansız, əqidəsiz insanlardır ki, bizim hərbçiyə gücü çatmayanda mülki camaata təcavüz elədilər. Şükür bayrağımız Kəlbəcərdə, Laşında, Şuşada hər yerdə dalğalanır”.
Solmaz Kazımova- sakin: “Gördüm dura bilmirəm, bütün evin beton qırıqları üstümə düşübdür. Nə isə, birtəhər qalxdım. Qorxdum, elə bildim uşaq ölüb, şükür, heç nə olmamışdı. Artıq torpağımız bütövdür”.
Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə hücum olunub ki, bu zaman 26 nəfər şəhid olub, 175 nəfər isə yaralanıb.
Elnur Vahidoğlu
- Baxış: 287