"Təəssüf ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsinin bitməsindən ötən 3 ilə yaxın müddətdə minaya düşərək həlak olan və ya xəsarət alan şəxslərin sayı 330-u keçib və onlar arasında mülki şəxslər üstünlük təşkil edir. Bu barədə Ombudsman Səbinə Əliyeva bildirib. "Mina terrorunu davam etdirən Ermənistanın iştirakçısı olduğu beynəlxalq sənədlərə əsasən üzərinə düşən öhdəliklərə və bununla bağlı tərəfimizdən edilən davamlı çağırışlara laqeyd münasibət göstərməsi, dəqiq mina koordinatlarını ölkəmizə təqdim etməməsi insanların həyatına qəsd xarakteri daşıyır. Məhz bu səbəbdən minalarla çirkləndirilmiş ərazilərin təmizlənməsinə daha çox resurs və uzun zaman sərf olunur, yenidənqurma və qayıdış prosesi ləngiyir, eyni zamanda işarələnməmiş minalar çoxsaylı insanların həyatını itirməsinə səbəb olur. Bütün bunları nəzərə alaraq, insanların həyat və sağlamlığının müdafiəsi naminə aidiyyəti beynəlxalq təşkilatları və dünya ictimaiyyətini ölkəmizin məruz qaldığı bu ciddi problemlə bağlı qəti mövqe nümayiş etdirməyə çağırıram.", - deyə Ombudsman qeyd edib.
- Baxış: 150