• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1810
— 12.10.2023 17:08

Məktəbəhazırlıq pilləsinin üstünlükləri nələrdir?

KepezTV Player

Məktəbəhazırlıq uşaqların intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir. Bununla yanaşı təhsilin bu səviyyəsi məcburi deyil. Seçim şansı valideynlərin üzərinə buraxılıb. Bəs məktəbəhazırlıq qruplarında təhsilin üstünlükləri nələrdir?

Məktəbəhazırlıq qruplarının həyata keçirilməsinin əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. Həmçinin onların məktəb mühitinə adaptasiyasını sürətləndirməkdir. Elə övladını bu qrupa yazdıran valideyinlər də bundan yola çıxaraq təhsilin bu səviyyəsinə müraciət ediblər.

Fəridə Hüseynova- valideyn: “Bizim uşaqlar bağçaya getməyiblər. Məktəbə uyğunlaşmalarına görə, həm də evdən ayrı qalmaqlarına görə 0-cı sinifə qoymuşuq”.

Xəyalə Şahverdiyeva- valideyn: “Yaşı az olduğu üçün qoymaq istəmirdik, hazırlığa qoymaq istəyirdik. İndi amma peşman deyiləm. Hərfləri bilir, saymağı öyrənib. Həm də sinifə, müəlliməyə, uşaqlara öyrəşib”.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə bu il Gəncə şəhəri üzrə 3828 şagird birinci sinifə gedib. Bu say ötən ilin məktəbəhazırlıq qrupları ilə müqayisədə daha çoxdur.

Raminə Məmmədova- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məsləhətçisi: “Məktəbəhazırlıq qruplarına həmin il 5 yaşı tamam olan uşaqlar cəlb olunur. Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 12 dərs olmaqla, hər məşğələ 30 dəqiqə, məşğələlərarası fasilə isə 10 dəqiqə olaraq müəyyənləşdirilmişdir. Gəncə şəhər üumumtəhsil məktəblərində 146 qrupda 2981 uşaq məktəbə hazırlıq qruplarında tədrisə cəlb olunmuşdur. Məktəbəhazırlıq qruplarına tədris məcburi deyil. Ancaq biz valideynləri övladlarını məktəbəhazırlıq qruplarında tədrisə cəlb etməyə dəvət edirik. Çünki məktəbəhazırlıq qruplarında uşaqların təhsil alması onların məktəb mühitinə adaptasiyası üçün vacib prosesdir”.

Təhsil eksperti Kamran Əsədov deyir ki, məktəbəqədər təhsil qruplarına getməyən uşaqlarda dərslərin ilk 2-3 həftəsi uşaqların adaptasiyasına həsr olunur. Və belə olan halda normal tədrisi təşkil etmək mümkün olmur. 

Kamran Əsədov- telefon bağlantısı: “Ümumilikdə məktəbəhazırlıq, məktəbəqədər təhsil qupları bunlar çox vacibdir. Uşaqlarda ilkin bilik və bacarıqların, dünyagörüşünün formalaşması, xüsusən ailədən kənarda müəyyən müddət ərzində qalma və bu zaman özünü idarəetmə bacarıqları formalaşır. Və aparılan tədqiqatlar göstərir ki, həm məktəbəqədər təhsil, həm məktəbəhazırlıq qruplarına gedən şagirdlərin akademik göstəriciləri digərləri ilə müqayisədə daha yaxşıdır. Yəni 35-45 faizə qədər məhz erkən yaşdan uşaqların müəyyən təlim-tərbiyə və tədris prosesinə cəlb edilməsi onların yuxarı siniflərə qəbulunda çox yüksək nəticə göstərir”.

Məktəbəhazırlıq qruplarında tədris hər il oktyabr ayının 1-dən mayın 31-dək davam edir.

Aişə Rzayeva