• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1284
— 11.10.2023 19:40

Partlayıcıların yaratdığı təhlükə və qorunma yolları

KepezTV Player

Mina təhlükəsi və ondan qorunmaq, əsasən də keçmiş cəbhə zonasında və işğaldan azad edilən ərazilərdə. Goranboyun Tapqaraqoyunlu kəndində partlayıcı sursatların təhlükəsinə dair uşaqların və böyüklərin məlumatlandırılması və bilik səviyyələrinin artırılması istiqamətində tədbir bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 

Təlim Futbolun İnkişaf Fondu və “Kəpəz” Futbol Klubunun təşkilatçılığı, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, BMT-nin Uşaq Fondu, Beynəlxalq Qızıl Xaç Komitəsininin Azərbaycandakı nümayəndəliyi və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə reallaşıb. Bu “Mina və Partlamamış Hərbi Sursatların Təhlükəsinə dair Məlumatlandırma Ayı” layihəsinin növbəti mərhələsi olub. 

Nicat Məmmədov- BQXK-nın əməkdaşı: “Bu tədbir məktəblilərə mina və partlamamış hərbi sürsatlara qarşı özünü qoruma və təhlükəsizlik davranışlarının öyrədilməsi haqqında idi. Ümumiyyətlə BQXK keçmiş təmas xəttinə yaxın olan və münaqişədən əziyyət çəkən ərazilərdə və dövlət sərhəddinə yaxın olan bütün ərazilərdə bu cür tədbirlərdə iştrak edir və öz tövhəsini verir”.

Tədbirdə Tapqaraqoyunlu kənd Niyazi Aslanov adına tam orta məktəbin şagird, müəllim və valideyn kollektivi iştirak edib. Onlara mina və partlamamış hərbi sürsatlarla rastlaşdıqda davranış qaydaları izah olunub. 

Mehriban Mürsəlova- FİF-in kommunikasiya meneceri: “Xatırlatmaq istəyirəm ki, bu layihə artıq keçən ildən başlayıb. Ötən il Tovuz rayonunun 5 kəndində həyata keçirilmişdir. Risk zonasında yaşayan əhali, xüsusilə də uşaqlar çox diqqətli olsunlar və burada qeyd olunan məlumatlar yaddaşlarında olsun və hər hansı bir partlamamış hərbi sürsatla rastlaşsalar onlar toxunmasınlar və qeyd olunan nömrələrlə əlaqə saxlasınlar”.

İştirakçılara partlayıcı hərbi sursatların təhlükəsi və onlardan qorunmaq yolları ilə bağlı praktik təlim keçirilib. Görüş sual-cavab formatında davam edib.

Tural Rzayev- Kəpəz PFK futbolçusu: “Uşaqların təhlükəsizlik baxımından, minalarla necə rəftar edilməsi baxımından çox maarifləndirici bir tədbir oldu və ümid edirəm ki, uşaqlar bu tədbirdən yararlanaraq qabaqkı həyatlarından daha da təhlükəsiz yanaşacaqlar”.

İnci Ziyadzadə- şagird: “Bu gün bizə mina haqqında məlumatlar öyrətdilər. Minanın təhlükəli olduğunu, mina gördükdə neyləmək lazım olduğunu - minaya toxunmaq, yoxsa toxunmamaq lazım olduğunu. Mina gördükdə kimə zəng etmək lazım olduğunu öyrətdilər”.

Zeynəb Aslanzadə- şagird: “Bu gün bizə mina haqqında məlumat verdilər. Mina olan yerdə tərpənmək olmaz. Çünki mina olan zaman partlaya bilər və bizə təhlükə yarada bilər. Bizə dedilər ki, siz mina haqqında nə bilirsiniz? Müəllimləriniz sizə mina haqqında nələr öyrədib. Biz də dedik ki, mina çox təhlükəlidir. Mina olan yerlərdə heç bir insane, ya da heyvan yaxınlaşa bilməz”.

Tədbirin sonunda iştirakçılar üçün futbolçu ilə imza mərasimi təşkil edilib, tərəfdaşlar tərəfindən şagirdlərə hədiyyələr təqdim edilib.

Pərvin Abbaszadə