• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1759
— 11.10.2023 19:34

Üç il bundan öncə yaşanan terror şahidlərin dili ilə

KepezTV Player

Üç il bundan əvvəl vətən müharibəsində cəbhədə ordumuz bir-birinin ardınca qələbə qazanır, işğalda olan torpaqlarımızı azad edirdi. Bunları sinirə bilmiyən mənfur ermənilər nəticədə dinc sakinləri hədəfə almağa başaldılar. Bir-birinin ardınca Gəncə raket hücumlarına məruz qaldı... Həmin dəhşətli günlərdən biri də 11 oktyabr 2020-ci il tarixində yaşandı.  O günləri kədərlə xatırlasaq da qürurluyuq. Çünki torpaqlarımız azaddır və o qətliamı törədənlər qanun qarşısında cavab verirlər.

Bəxtiyar Heydərli- Gəncə terrorunun canlı şahidi: “Salam, mən Bəxtiyaram. Tanıdınız məni? Ermənilər Gəncəyə raket atanda evimiz dağıldı. Firavan həyatımız kabusa döndü. O anları yaşamaq çox çətindir. Çox çətin anlar yaşadıq. Həmin anlar bir kino lenti kimi beynimdə canlanır. Prezidentimizin köməyi ilə yeni ev qazandıq. Təzə evimin ən yaxşı yerində divardan asılmış bir şəkil var. O şəkildə anamın qucağımda idim. Yaralanmış, kəsilmiş, üzü gözü qan içində. Amma mən qorxmuram. Çünki mən şərəfli xalqın Bəxtiyar oğluyam”.

Bəli, o, Bəxtiyardır... Heydərli Bəxtiyar, yaxud da qəhrəman Bəxtiyar...   8 yaşlı qorxmazın səsləndirdiyi fikirlər kiçik bədəninin böyük ürəyindən süzülüb zəkasına... Əslində onun məğrurluğunu üç il öncə ermənilərin atdığı raket zamanı evləri dağılıb üzü, gözü qan içində olmasına baxmayaraq,anasının qucağında kameraya etdiyi  təbəssümündən bilirik. Təkcə biz yox, elə düşmənin özü də... Bəxtiyarın həmin andakı baxışları xalqımızın yenilməzliyinin ən bariz nümunəsi idi. O gecəni və yaşananları isə hamıdan yaxşı balaca Bəxtiyarın anası ifadə etdi...

Lalə Heydərova- Bəxtiyarın anası: “İkiyə beş dəqiqə qalmışdı, raketin səsinə dağıntılara gözümüzü açdıq. Həmin an çox çətin idi. Dağıntılarda gözünü açmaq. Bəxtiyar çox yaralı idi. Qardaş-bacı baş-ayaq yatızdırmışdım. Evin əşyaları, mebellər Bəxtiyarın başına, qızımın isə ayağına düşmüşdü. Qızım demək olar ki, üç gün yeriyə bilmədi. Çox çətin günlər idi. Getsin o günlər, bir də gəlməsin. Cənab prezidentə öz təşəkkürümü bildirirəm ki, Gəncənin qisası alındı. Raket atma əmrini verən Araik Aruturyan artıq həbs edilib. Biz buna çox şadıq”.

O dəhşətli gecədə 10 nəfər həlak oldu,  30 nəfərdən çox insan yaralandı. Həmin gecə hər iki valideynini  torpağa qurban verib, çarəsiz qalan körpələr,  övladının nəşini çiynində daşıyıb, təki  vətən sağ olsun deyən analar, atalar gördük. Bu  qorxmazlıq,  mərdlik və  cəsur ürəkliliyin isə yeganə adı torpaq sevgisi idi. 

Hüseyn Əliyev- Gəncə terrorunun canlı şahidi: “Bura üç il bundan əvvəl raket düşəndə 8 yaşım var idi. Anam Əliyeva Nurçin və atam Əlizadə Anar rəhmətə getdi. Ələsgərli Ülvi - kirvəm, o da rəhmətə getdi. Düzdür, çox çətindi amma torpağımız azaddır deyə sevincliyəm”.

Vüsal Xəlilov- Gəncə terrorunun canlı şahidi: “Mənfur erməninin atdığı raket nəticəsində mən burada öz anamı itirmişəm. Dəyərli əziz qonşularımı, uşaqlıq dostlarımı itirmişəm. Həmin gün atam və dayım ağır yaralanıb. Artıq o hadisədən üç il keçibdir. Bu ağır dərddir və mənimlə məzara gedəcək bir dərddir. Bu günkü günə şükürlər olsun ki, o hadisəni törətməkdə əməli olanı igidlərimiz həbs edibdir və onu da gətiriblər, necə lazımdır ki, cəzasını da alacaqdır”.

Firdovsi Həbibov- sakin: “Bibim oğlu Ramiz Bağırov rəhmətə getmişdi. Allah cəmi şəhidlərimizə rəhmət etsin. Təsəlli almaq üçün gəlib, baxıb, ziyarət edirik. Şükür, bu gün rəşadətli ordumuz Qarabağ torpaqlarını erməni işğalçılardan azad etdi”.

İndi biz qalib xalqıq və ərazi bütövlüyümüz, azadlığımız var. Ən əsası o qanlı terror aktını törədənlər  bizim qanunlar qarşısında  cavab verirlər. Yəni, sular axıb, çuxurunu tapdı. Tapılmayacaq yeganə kəslər düşmən gülləsinə qurban gedənlərimiz oldu. Hər birinin ruhuna dərin ehtiramla... 

Elnur Vahidoğlu