• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 864
— 05.10.2023 19:56

Ömrünün 40 ilini şagirdlərə həsr edən Kəlbəcərli müəllimənin təhsildəki yolu

KepezTV Player

Dünyada mühüm olan peşələr çoxdur. Həkim insanların sağlamlığının keşiyində dayanır, xəstələrə şəfa verir. Mühəndis fabrik və zavodları işlədir, hündür binalar ucaldır, yollar çəkir, körpülər salır. Kosmonavt fəzanı fəth edir, müxtəlif planetlərin sirlərini öyrənir... Fəqət bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə də var ki, bu, müəllimlikdir. Çünki hər bir şəxs seçdiyi sənətin sirlərini məhz müəllimdən öyrənir. Növbəti sujetimizdə Kəlbəcərdən olan və öz yurduna dönərək orada pedaqoji fəaliyyətini davam etdirməyə səbirsizlənən bu peşənin nümayəndəsindən danışacağıq.

Elm, bilik xəzinəsinin qapısını illərdir ki, yüzlərlə şagirdin üzünə açan müəlimlərdən biri də süjetiminiz qəhrəmanı İradə İsmayılovadır. İradə müəllimə 40 ildən çoxdur pedaqoji fəaliyyətdədir. Həyatının əsas qayəsi isə şagirdlərin işıqlı gələcəyi üçün möhkəm təməllər qoymaqdır.

İradə İsmayılova- Kəlbəcər rayon 109 saylı tam orda məktəbin direktoru: “Müəllimlik ağır, eyni zamanda da şərəfli bir peşədir. Mən bu peşəyə sevinərək gəlmişəm. Həmişə arzum olub ki, müəllim olum. Və o arzum da 1982-ci ildə reallaşdı. Ondan sonra mən Kəlbəcər rayon Abdullauşağı kənd orta məktəbində işləməyə getdim. Və 2 ildən sonra orada direktor vəzifəsinə təyin olundum. 1993-cü ildə Kəlbəcər rayonu işğala məruz qalanda biz məcburi köçkün kimi Gəncə şəhərində məskunlaşdıq. Və mən pedaqoji fəaliyyətimi Gəncə şəhərində davam etdirdim. Həmin gündən bu günə qədər Kəlbəcər rayon 109 saylı tam orda məktəbində direktor vəzifəsində işləyirəm”.

Müəllimliklə yanaşı həm də rəhbər vəzifəsini icra edən İradə xanım deyir ki, iki işi eyni anda görmək çətin olduğu kimi, həm də məsuliyyətlidir. Çünki birbaşa olaraq həm şagirdlərlə həm də müəllimlərlə təmasda olur.

İradə İsmayılova- Kəlbəcər rayon 109 saylı tam orda məktəbin direktoru: “Mən həm də eyni zamanda direktor işləyirəm. Çalışıram ki, hər iki vəzifənin öhdəsindən layiqincə gəlim. Gələcəyimiz olan şagirdlərimizi yaxşı şagirdlər kimi yetişdirim. Çünki onlar bizim gələcəyimizdir. Biz onlara ümidlə baxırıq. Çalışmalıyıq ki, onlar bizim bütün ümidlərimizi doğrultsunlar. Bu gün məktəbizimdən xeyli məzunlarımız var ki, onlar hamsı ali təhsil ocaqlarında təhsil alırlar. Və səsləri ölkəmizin hüdudlarından kənarda da eşidilir”.

Rəhbəri olduğu kollektivdə də İradə müəllimədən ağız dolusu danışırlar. 

Yusif Alllahverdiyev- şagird: “5-ci sinifdən bəri İradə müəllimə bizə rus dili dərsini keçir. İlk növbədə bizə bu dərs çox çətin gəlirdi. Amma İradə müəllimə sayəsində biz yazmağı, oxumağı, hərfləri saymağı bilirik”.

Sevda Ələsgərli- şagird: “İradə müəllimə bizə 4 ildir dərs keçir. O, bizə müxtəlif resurslardan dərs keçir. Testlər işlədir, yarışmalar edir. Biz onlar sayəsində daha yaxşı qavrayırıq, daha çox öyrənirik. Ən sevimli müəllimlərimizdən biri İradə müəllimədir”.

Çinarə Eyvazova- müəllimə: “13 ildir bu məktəbdə işləyirəm. İradə müəllimə öz işini yaxşı bilən pedaqoq, sinifdə yaxşı müəllim, bizə də qayğı ilə yanaşan müdirədir. Onu da qeyd edim ki, normalda uşaqlar direktordan çəkindikləri halda amma bizdə uşaqlar İradə müəlliməni özlərinə məsləhətçi, dost kimi seçiblər. Mən bir gənc müəllim olaraq deyə bilərəm ki, İradə müəllimədən öyrənəcəyim çox şey var”.

İndi İradə müəllimənin ən böyük arzusu özünün də sakini olduğu doğma yurduna – Kəlbərə qayıdıb orada savadlı kadrlar yetişdirmək, faəlliyyətini davam etdirməkdir.

İradə İsmayılova- Kəlbəcər rayon 109 saylı tam orda məktəbin direktoru: “Şükürlər olsun ki, bu gün torpaqlarımız azaddır. Və qayıdış planına uyğun olaraq 2024-cü ildə Kəlbəcərə Kəlbəcər sakinlərinin qayıdışı gözlənilir. Mən arzu edirəm ki, həmin qayıdan sakinlərin ilklərindən biri də mən olum. Abdullauşağı kənd orta məktəbindən gəldiyim kimi, yenə də Abdullauşağı kənd orta məktəbinə qayıdım və orada pedaqoji fəaliyyətimi davam etdirim. Bu, mənim ən böyük arzumdur”.

Müəllim əməyini çox vaxt bağban əməyi ilə müqayisə edirlər. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, öz yetirmələrinin xoş sorağını alanda müəllimin də qəlbi sevincdən dağa dönür. Bu gün müəllimlərimiz ad-san sahibi olan, savadlı, ölkəmizi layiqincə təmsil edən və vətənpərvər vətəndaşlar yetişdirirlər. Onlara bu çətin yolda çəkdikləri əziyyətlərə görə minnətdarlığımızı bildirir, bütün müəllimləri təbrik edirik!

Aişə Rzayeva