Artıq yeni tədris dövrünə start verilib. Son illər həm valideynlər, həm də balacaların çoxu məktəbli çantalarının ağır olmasından şikayət edir. Mütəxəssislər öz növbəsində ağır çantaların uşaqlarda bir çox fəsadlara yol açması qənaətindədir. Bəs bu problemdən uzaq olmaq üçün nə edə bilərik?
Ağır məktəbli çantaları, onu daşımaqda əziyyət çəkən şagirdlər. Bundan narazı olan valideynlər. Ələlxüsus da ibtidai sinifdə oxuyanlar. Hətta bəzi şagirdlər çantalarının çox ağır olduğundan özləri daşıya bilmir və onları məktəbə valideynləri aparıb-gətirir.
Emil Nərimanlı- məktəbli: “Ağırdırsa. məktəbə az kitab aparmaq olar, ya da kitabların hamısını götürməmək lazımdır. Bəli, arada ağrıyır, arada ağrımır”.
Ömər Rzazadə- məktəbli: “Elə olur ki, mənim çantam ağır olur və o, mənim çiyinlərimi ağrıdır. Elə olur ki, çantam yüngül olduğundan özüm gəlirəm. Amma çox vaxt çantam ağır olduğundan mən daşıya bilmirəm”.
Faiq Əlizadə- məktəbli: “Çiynimi ağrıtmır. Mən daşımaq istəyirəm, ancaq anam mənə daşımağı qoymur”.
Nuray Rzazadə- məktəbli: “Mənim elə dərslərim də olur ki, çantam ağır olur və kürəyim ağrıyır. Ona görə də valideynlərim daşıyır. Yüngül olduqda isə valideynlərim deyir ki, özün gəl”.
Göründüyü qədərilə valideynlər ağır çanta probleminə görə övladlarını çətinə salmaq istəmir. Bunun, yaratdığı yorğunluq və sonralar müşahidə edilə bilən xəstəliklərə yol açmaması üçün.
Cəlil Seyfullayev- valideyn: “Ümumiyyətcə təsiri çox ola bilər. Uşağa ağır şey götürmək olmaz. Onu məktəb də fikirləşməlidirlər, ya da valideyn gəlirsə, çantanı valideyn gətirməlidir”.
Dəstəgül İbrahimova- valideyn: “Hamı narazıdır. Çantalar ağır, uşaq balaca, zəif. Hamı narazıdır. Yüngülləşdirmək lazımdır, yəni dərslərindən asılıdır. Dərsləri bir az azaltsaq, uşaq da yüngülləşər məncə”.
Məlahət Məmmədova- valideyn: “Nəvələrimdir, çanta ağırdır, biri bunda, birini də başqa qoluma taxıram. Arıq uşaqdır. Xahiş edirəm, bunu bir az yüngülləşdirsinlər, belə olmaz axı! Fikir ver, belə daşıyıram. Səhər də, günorta da. Onurğası əyilə bilər, qoymuram götürməyə, özüm götürürəm”.
Anar Dəmirov- valideyn: “Bax, bu ağırlıqda, bunun nə canı var? 40 dənə kitabı verirlər ki, apar. Bunun nəyini aparsın, özündən ağırdır!”
Valideyn: “Kitablar çoxdur. 1 kitabdan 2 dənə verilir. Ona görə bir az azaltmaq lazımdır. Deyir belim ağrıyır. Götürə bilmir. Özüm gətirirəm, özüm aparıram”.
Valideynlərin bu məsələdə nə qədər haqlı olduqlarını biz də yoxlamaq qərarına gəldik və indi məktəbli çantasının 1 günlük dərs ləvazimatları ilə çəkisini öyrənəcəyik. Tərəzi ilə çəkirik - 12 kq göstərir.
Məktəbli çantası bədən kütləsinin 10-15%- həddində olmalıdır. Əks halda yükün ağırlığı birbaşa onurğaya mənfi təsir göstərəcək. Uşaqların fizioloji cəhətdən formalaşdığı bir vaxtda bədənə düşən yük onun gələcək həyatında müəyyən fəsadlara yol aça bilər.
Zabit Vəliyev- həkim-travmatoloq: “Uşaqlarda yeni dərs ili ilə əlaqədar fiziki yük artır, indiki məktəbli çantalarında yük bir az da artmışdır. Bu çanta əgər birtərəfli götürülən çantadırsa, o, uşaqda götürdüyü anda yıxılmamaq üçün avtomatik digər tərəfə özünü əyməyə məcburiyyət yaranır. Əgər ağır çantadırsa, hər iki çiyninə götürürsə, bu uşaq o ağırlıq mərkəzi tarazlaşsın deyə, arxaya yıxılmamaq üçün özünü önə əyir. Önə əyəndə bu yenə də tarazlığın pozulması, kifozun yaranmasına, gələcəkdə isə bu kifoz skoliozun inkişafına səbəb yaratmasına gətirib çıxarır. Uşaqlarda skoliozun necə profilaktik etmək olar? Ona elə bir dərman yoxdur ki, onu içəsən, skoliozdan profilaktika olasan. Skoliozun profilaktikası idmandır. Ən gözəl idman isə üzgüçülükdür, rəqsdir, gimnastikadır”.
Ekspertlər də deyir ki, ibtidai sinif şagirdlərinin gündəlik götürdükləri çantaları sözün əsl mənasında yükdür.
Kamran Əsədov- təhsil eksperti: “Çox təəssüflər olsun ki, baxmayaraq ki, biz 2008-ci ildən etibarən kurikulum standartlarıyla tədrisi təşkil edirik. Amma hələ də bizim müəllimlərimiz əlavə vəsaitlər aldırırlar, yəni söhbət gedir iş dəftərləri, testlər, test bankları, sinif testləri və əgər şagirdin bir gün ərzində 5 dərsi varsa həmçinin bu 5 iş dəftəri, test bankları, sinif testi əlavə albom, karandaş və digər köməkçi vasitələr aparır ki, bu da çantanın çəkisini artırır. Şagirdlərə 2 nüsxə kitab verməliyik. Bir nüsxəsi məktəbdə qalmalıdır, bir nüsxəsi isə evlərdə qalmalıdır və bu zaman çantadakı dərslik çəkisi ciddi şəkildə azalacaqdır. Hal-hazırda normalarda bir dərsliyin çəkisi 200 qramı keçməməlidir amma Azərbaycan ümumi orta təhsil məktəblərində istifdadə edilən dərsliklərin çəkisi 350-400- qrama qədərdir və bu da normadan artıqdır”.
Əlbəttə ki, həm müəllimlər, həm də valideynlər şagirdlərin lazımi bilik və bacarıqlara yiyələnməyini istəyir. Amma nəzərə almaq lazımdır ki, təhsil nə qədər önəmli olsa da, cəmiyyət üçün sağlam nəsil yetişdirmək və onların qayğısına qalmaq da bir o qədər zəruridir.
Pərvin Abbaszadə
- Baxış: 349