• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1302
— 08.09.2023 20:23

“Roboevolution” komandasının üzvləri 3-cü olub

Bakıda keçirilən Vl Robot Olimpiadasının qalibləri müəyyənləşib. 8-19 yaş arası yeniyetmə və gənclərin qatıldığı yarışda Gəncədən 20-dən çox şagird də mübarizə aparıb. Onlardan yalnız üçünün bacarığı mükafata layiq yer üçün məqbul bilinib. 

Sentyabrın 1-dən 3-dək keçirilən Vl Robot Olimpiadasında müxtəlif kateqoriyalar üzrə respublikanın ümumilikdə 20 rayon və şəhərindən 249 komanda qeydiyyatdan keçib. Yarışda Gəncə şəhərini 3 nəfərdən ibarət “Roboevolution” komandası da təmsil edib. Komanda üzvləri yarışın son günündə uğurlu layihələri ilə 3-cü yerə sahib çıxaraq, bürünc medala layiq görülüb.

Azərin Tahirzadə- şagird: “Layihədə mənim mövqeyim dizaynerlik və kodların yazılmasına kömək etmək idi. Layihə Bakıda gimnaziyada keçirildi və doğrudan da çox maraqlı olmuşdu. 3-cü yer olmağımız bizi gerçəkdən fərəhləndirdi və bundan sonrakı yarışlarda da qalibiyyətimiz inşallah davam edər”.

Əli Hüseynli- şagird: “Burdakı əsas məqsəd belə idi ki, dalğalar gəmiləri vururdu və gəmilər xəsarət aldığına görə, gəmi qəzaları çoxalırdı və nəticədə böyük maddi itkiyə səbəb olurdu. Buna əsasən mən bir ədəd “stabilizator” fikirləşdim ki, onun nəticəsində dalğa gəmiyə vurduqda heç bir təsir göstərmədən suda sabit qalmağa çalışsın. Bundan əlavə fırtınalı havalarda gəmilər bir-birini görmürdü, qayalarla toqquşurdu və gəmi xəsarət alırdı. Bunun üçün də ultrasonik sensor və bazadan istifadə edərək kiçik radar sistemi düzəltmişəm”.

Musa Süleymanov- şagird: “Bu gəmidəki rollarımdan biri də dövrələri qurmaq idi. Dövrələri qurarkən həmçinin kodlara da kömək etmişdim. Biz yarışmaya gedərkən bir az həyəcanlı idik. Ancaq yenə də həyəcanımızı dəf edib, hakimlərə yaxşı cavab verməyi bacardıq və bürünc medal qazandıq”.

Komanda rəhbərlərinin sözlərinə görə, bu kimi layihələrin keçirilməsi şagirdlərdə nəzəri bilikdən daha önəmli olan praktiki biliklərin və bacarıqların inkişafında böyük rol oynayır.

Mətləb Alıyev- müəllim: “6-cı Robot Olimpiadasının keçirilməsində əsas məqsəq şagirdlərdə mühəndislik, yaradıcı düşünmə, tənqidi təfəkkür kimi bacarıqların formalaşmasında böyük rol oynayır. Gəncə şəhər FRİTL şagirdləri Əli və Musa və Gəncə şəhər 27 nömrəli məktəb-liseyinin şagirdi Tahirzadə Azərin gəmi probleminin həlli yolunda layihə hazırlamışdılar. Onunla həmin olimpiadada 3-cü yerə layiq görüldülər”.

Robot Olimpiadasında qalib gəlmiş komandalar noyabrın 7-dən 9-dək Panamada keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcək.

Pərvin Abbaszadə