• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1777
— 02.05.2023 19:20

Ailə olaraq dil tapmaq niyə çətinləşib?

KepezTV Player

Bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyi tərəfindən 7 541 nikah və 3 014 boşanma qeydə alınıb. Rəqəmlər ötən illə müqayisədə narahat olmaq üçün əsas yaradır. Boşananların sayı artıb, evlənənlər azalıb. Əməkdaşlarımız səbəbini tapmaq məqsədi ilə bu mövzunu araşdırıb. 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 1,8-ə qədər artıb. Şəhər sakinləri boşanmaların artma, evliliklərin azalma səbəblərini müxtəlif cür izah etdilər.

Ailə kiçik dövlətdir, yəni cəmiyyətin əsas özəyi kimi ailə möhkəm təməl üzərində qurulmalıdır. Bu təməl mənəvi, psixoloji, fizioloji, özünü dərk, qarşılıqlı hörmət və məhəbbət hissinin, ailənin hüquq və vəzifələrinin yüksək hazırlığı və dərk edilməsi prinsipləri üzərində qurulduqda daha da möhkəm olur. Sosioloqlar elə hesab edir ki, gənclərin birgə yaşamaqda çətinlik çəkməsinin əsas səbəbi iqtisadi çətinliklərdir.

Qərənfil Ramazanova- sosioloq: “Mən hesab edirəm ki, xüsusilə son 10 illikdə qızları ailə həyatına heç hazırlamırlar. Mən bu məsələdə söhbət edərkən kişilərimizin məsuliyyət durğusunu azaltmaq istəmirəm, onlardan da çox şey tələb olunur. Lakin ailələrin bütöv qalaması üçün, dağılmaması üçün düşünürəm ki, qızların üzərinə çox böyük yük düşür və onlar bu gün bu yükü çəkə bilmirlər. Sosial problemlər var, mən əslində mahiyyətcə ondan danışıram ki, bəli, çətin günlər ola bilər - evsizlikdə ola bilər, ölkədə işsizlik problemi var, gəncliyin çox ağrılı üzüntülü bir məsələsi var ki, gənclik bu gün iş tapmaqda çətinlik çəkir. Elə qızlarımız da, oğlanlarımız da. Amma bütün bunları əvvəlcədən hesablamaq və imkan daxilində ayaqqda durub, sonra ailə qurmaq lazımdır”.

Psixoloqlar bildirirlər ki, sevgi üzərində olmayan, ailələrin təkidi ilə qurulan evliliklərin boşanma ilə sonlanması halları daha çox rast gəlinən hallardandır. Yaxşı olar ki, evlənməmişdən əvvəl gənclər inandıqları ailə psixoloquna və ya psixoterapevtə müraciət etsinlər.

Taciyə Mehdisoy- psixoloq: “Bizə gələn müraciətlər əsasında, gənclərin əksəriyyəti özünü evliliyə hazır hiss etmirlər. Səbəbi araşdırdıqda məsuliyyət altına girməkdən çəkindiklərini söyləyirlər. Bəzi hallarda düşünürlər ki, əgər mən tam formada evim, maşınım və digər hansı ki, evliliyə hazır olma xüsusiyyətləri kimi görsənən arqumentlərim yoxdursa, mən kiminsə qapısını döyə bilmərəm və onun üçün tam mükəmməl bir şəkildə qızın önünə çıxa bilmədiyi təqdirdə evlilik addımı atmış olmurlar. Amma gənclik burada düşünmür ki, bəzi hallarda insanlar əl-ələ verib həyatda çox şeyi əldə edə bilərlər. Sadəcə zaman itkisini yaşamadan öz sevgilərini gözəl münasibətə, münasibəti də ailəyə çevirə bilərlər”.

Səbəbin kimdən və ya nədən qaynaqlandığı hər ailədə eyni olmasa da, əsas olan odur ki, boşanma hər zaman çıxış yolu deyil. Problemlərin həlli istiqamətində addımların atılması vacibdir.

Aişə Rzayeva