Mütəxəssislər hesab edirlər ki, Ramazan ayında qidalanmaq önəmli olduğu qədər, Ramazandan sonrakı 10-15 günlük adaptasiya prosesində qida qəbulu da sağlamlığımız üçün vacib şərtdir. Buna görə də qida rasionumuzu diqqətdə saxlamalıyıq. Təbii ki, sağlamlığımız və düzgün qidalanmağımız öndə olmaq şərti ilə.
Ramazan ayı boyunca qida rasionunda olan müəyyən dəyişiklikər, gün ərzində uzun müddət yemək yeməmək orqanizm üçün müəyyən metabolizm dəyişikliklərinə səbəb ola bilər. Buna görə də Ramazan ayı bitdikdən sonra mütləq qida rasionumuza diqqət etməli və müəyyən ardıcıllığı gözləməliyik.
Şəhla Verdiyeva- həkim: “Ramazan bitəndən sonra yenidən əvvəlki qidalanma tərzinə uyğunlaşmaq bəzi insanlar üçün təəssüf ki, çətin olur. Uzunmüddətli aclıq və az maye qəbulu adət halını alır. Amma istiləşmə başladığına görə, bədən temperaturu artacağından və bizim nəfəslə daha çox maye xaric edəcəyimizə görə mayeyə olan ehtiyacımız gündən-günə artacaq. Gündə 7-8 dəfə bədənimizin təlabatına uyğun maye qəbulunu əvvəlki vəziyyətə salmaq lazımdır”.
Şəhla Verdiyevanın sözlərinə görə, orucun təxminən 15 saata yaxın davam etməsi aclıq və susuzluqdan sonra ən azından uyğunlaşma prosesinə kimi yağlı qidalardan uzaq olmağı şərtləndirir. Daha çox həzmi asan olan qidalara üstünlük verməliyik.
Şəhla Verdiyeva- həkim: “Qida qəbulu üçün də Ramazan ayında biz sahurda daha proteinli- gün əzində enerjimizi təmin edəcək qədər karbohidratlı qidalansaq da, yay aylarında əslində karbohidrata olan ehtiyacımız get-gedə azalır. Ona görə səhər yeməklərində karbohidratları azaltmaq, unlu yeməklərdən uzaq durmaq və proteinli-ağartı məhsullarına üstünlük vermək lazımdır. Əvvəlki vəziyyətə qayıtmaq üçün axşam yeməklərini bir az daha erkənə çəkmək, saat 6-7 arasında məhdudlaşdırmaq tövsiyə olunur”.
Bayram günlərində Gəncə Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan zənglərin sayı artaraq, gün ərzində 300-ə çatıb. Allergiya, ürək, ağciyər, təzyiq və müxtəlif problemlərlə yanaşı, həzm sistemi pozğunluğu ilə bağlı müraciətlər də az olmayıb. Odur ki, mütəxəssislər insanlara qidalanmalarına diqqət etmələrini tövsiyə edirlər. Əks halda, bir çox xəstəliklər aktivləşə bilər, eyni zamanda həddindən artıq qidalanma artıq çəkiyə gətirib çıxarar.
Aişə Rzayeva
- Baxış: 299