Gəncə gəncləri həmrəylik nümayiş etdirərək şəhərin Mərkəzi Meydanında bir araya gəliblər. Onlar bu dəfə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin canlı portretini hazırlayıblar.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu il görkəmli mütəfəkkir, böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar olaraq “Nəsimi ili” elan edilib. Bu münasibətlə ölkənin dörd bir yanında silsilə tədbirlər keçirilir. Gənc fəalların iştirakı ilə reallaşan tədbirlər çərçivəsində şairə verilən dəyər, hörmət və ehtiram yüksək səviyyədə nümayiş olunur. İlklərə imza atan Gəncədə də bu baxımdan daha bir yeniliyə imza atıldı.
Mobil Qarayev layihə rəhbəri: “Bu fleşmobu sərəncam verilən kimi hazırlamağa başladım. Bu işin sırf Gəncədə görülməsndə maraqlı idim və təkliflər elədim. Gəncə Şəhər rəhbərliyi mənim bu fikrimi dəstəklədi və bu gün belə bir tədbir keçirdik”.
Ümumilikdə, 3000 gəncin qatıldığı fleşmobda dahi Azərbaycan şairi Nəsiminin portreti öz əksini tapıb. Fleşmobda Avropanın idman şəhərinin könüllüləri, şəhərin universitetləri və kolleclərində təhsil alan tələbələr iştirak ediblər. Layihə rəhbəri gələcəkdə daha geniş miqyaslı, rəngli portretləri reallaşdıran yeni fleşmoblar barədə düşünür.
Mobil Qarayev layihə rəhbəri: “Artıq yeni bir silsilələrimiz hazırdır. Bu yöndə təkliflər almaq istəyərik. Bir-birinə çevriləcək 10 dahi şəxsiyyətin portretini hazırlamaq istəyirik. Bizdə artıq futbol xareoqrafiyası hazırlanıb. Bütün bu layihələrin hər birini ölkəmizdə hazırlayıb, həm özümüzü, həm də Azərbaycanı dünyaya tanıtmaq istəyirik”.
Gəncə bugünədək 2-si portret olmaqla 5 fleşmoba ev sahibliyi edib. Dahi şəxsiyyətlər silsiləsindən bundan öncə 2015-ci ildə ulu öndər Heydər Əliyevin portreti canlandırılıb. Həmin fleşmobda şəhərin 10 000-dən artıq fəal gənci iştirak edib.
- Baxış: 829