• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1721
— 05.07.2022 11:28

Türkiyəli müğənni erməni terrorunun baş verdiyi ərazidə olub

KepezTV Player

Türkiyənin məşhur ifaçısı, bəstəkar Uğur Işılak Gəncədə konsert proqramı ilə çıxış edib. Tədbirdən öncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşən qonaq tarixi köklərə və qardaşlığa söykənən Azərbaycan-Türkiyə münasibətlərindən, İki ölkə arasında bir çox sahədə, o cümlədən mədəniyyət sahəsində qarşılıqlı əlaqələr barədə söhbət aparılıb. Gəncədə ilk dəfə olan müğənni, şəhərin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qaldığı ərazisinə baş çəkib, burada həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq əraziyə gül dəstələri düzüb. Bununla yanaşı, qonaq Nizami Gəncəvi Məqbərəsini və Nuru Paşanın ev Muzeyində də olub.

“Türkiyə-Azərbaycan qardaşlıq gecəsi” konserti

Gəncədə “Türkiyə-Azərbaycan Qardaşlıq Gecəsi” adlı konsert proqramı keçirilib. Gecədə Gəncə Dövlət Filarmoniyasının solistləri, Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Pərvanə Rüstəmova, İslam Əlizadə, Rövşən Məmmədov və digərləri bir-birindən zəngin repertuarlarla çıxış ediblər. Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının ifasında nümayiş olunan rəqs proqramı isə tamaşaçıların zövqünə oxşayıb. Konsertdə Gəncə Şəhər Usaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçalanlar ansamblı və Filarmoniyanın solistləri tərəfindən “Nuru Paşa” və “Mehtər Marşı” təqdim olunub. Gecənin ikinci hissəsində Türkiyəli sənətçisi Uğur Işılak Gəncə sakinlərinin qarşısında çıxış edib. Bir-birindən maraqlı və rəngarəng mahnılar təqdim edən müğənninin ifalarını tamaşaçılar alqışlarla qarşılayıblar. Söz və musiqisi özünə aid olan “Azərbaycan Türkiyədir” türküsü isə bütün iştirakçıların qəlbinə toxunub. Sənətçi gəncəlilərə göstərdikləri isti müansibətə və qonaqpərvərlikilərinə görə təşəkkürünü bildirib.