Yüksək məhsuldarlığı ilə seçilən dənli bitkilərdən olan qarğıdalını ölkəmizdə ildə iki dəfə becərmək mümkündür. Təkrar əkin zamanı da əsasən bu bitki geniş ərazilərdə əkilir. Təbii ki digər bitkilər kimi qarğıdalı da hava şəraitinin qeyri-sabit olması və ya xəstəlik səbəbindən zərər görə bilər. Bunun üçün əkinləri sığortalamaq məsləhət görülür. Təkrar əkin aparılan qarğıdalı sahəsini sığortalamaq isə daha sərfəlidir. Bitkinin becərilməsinə görə 1 hektar üçün 1500-2500 manat pul sərf edilir. 1 hektarın sığorta xərci isə bölgəyə görə dəyişir. Bu 11-12 manatdan başlayır 40-50 manatadək arta bilər. İstənilən halda sığortanan məbləğ qarğıdalını əkmək üçün çəkilən xərclərlə müqayisədə olduqca aşağıdır. 1000 manatlıq qarğıdalının sığortasına 7-17 manat vəsait sərf olunur. Bu da fermer üçün əlçatandır. Göygöldə uzun illərdir təsərrüfatla məşğul olan fermerlər də son illər yaşanan təbiət hadisələrini göz önünə alaraq təkrar əkin üçün becərdikləri qarğıdalı sahəsini sığortalamağı düşünürlər.
Niyaz Abbasov - fermer: Təkrar qarğıdalı əkini aparmışıq və qlobal iqlim dəyişiklikləri ilə əlaqadar açıq tarla şəraitində bitkilərin becərilməsi riskli hal alıb. Məhz buna görə də dövlət tərəfindən dəstəyi bu risklərin qarşını alınmasını nəzərə alaraq biz də əkinlərimizi sığirta etdirmək istəyirik ki, bizə ziyan dəyən ziyanın məbləği azalsın.
İsmayıl Kamalov - fermer: Məhsulumuz göz qabağındadır. Biz də istəyirik ki, dövlət tərəfindən sığortalanaq, ziyanımız az çıxsın. Məlumatımız var ki, az miqdarda ödəniş etməklə əkinlərimizi sığortalaya bilərik. Ona görə də məhsulumuzu sığortalamaq istəyirik.
Aqrar sığorta mexanizmi fəaliyyətə başlayandan təkrar əkin üçün bu günədək fermerlərə dəyən zərər qarşılığında kifayət qədər sığorta ödənişləri həyata keçirilib. Ən çox ödənişi aparılan sığortalar da məhz qarğıdalı bitkisinin payına düşür.
Əli Əhmədov - Aqrar Sığorta Fondunun nümayəndəsi: Aqrar Sığorta Fondunun əhatə etdiyi digə bitkilərdə olduğu kimi qarğıdalı sahəsində də baş verən risklər üzrə böyük ödənişlər həyata keçirilir. İndiyədək ümumilikdə qarğıdalı sahəsi üzrə 300 min manatdan artıq sığorta ödənişi yerinə yetirilib. Bu proses indi də davam edir. Yeri gəlmişkən fermerlər arasında ən böyük sığorta ödənişi də məhz qarğıdalı sahəsinə verilib. Zaqatalada baş verən hadisəyə görə fermerə 88 min manat önədiş edilib. Bu da onun zərərinin böyük hissəsinin bağlanmasına kifayət edib.
Fond rəsmisi təkrar əkinlərini sığortalamaq istəyən fermerlərə vacib tövsiyələr də verib.
Əli Əhmədov - Aqrar Sığorta Fondunun nümayəndəsi: Fermerlərə bir neçə vacib tövsiyəmiz var. Bunlardan biri əkin sahələrini vaxtında sığortalamaqdır. Bir qayda olaraq fermerlərin bir hissəsi sığorta müddəti açıldıqdan sonra sığorta etməyə tələsmirlər. Müddətin sonuna yaxın vaxtı əkinlərini sığortalayırlar. Prinsipcə yenə də sığorta onların əkin sahlərini qoruyur. Sadəcə arada olan sığortasız dövrdə baş verən hadisəyə görə belə vəziyyətdə fermer sığorta ödənişi almayacaq. İkinci tövsüyəmiz ondan ibarətdir ki, fermerlər öz əkin sahələrini bəyan edərkən məhsuldarlığı doğru göstərsinlər. Bəzən fermerlər bilməyərək və ya bilərək məhsuldarlığı aşağı göstərir. Nəticədə doğrudur onlar çox cüzi məbləğdə qənaət edərək daha az sığorta haqqı ödəyirlər. Amma yekunda hadisə baş verəndə onların ödənişləri gözlədiklərindən daha az ola bilər.
Aqrar sığorta vasitəsi ilə 2024-cü ildə 13700 hektar təkrar əkin sığortalanıb. Sığortalanan təkrar əkinlərin təminat məbləği isə 26 milyon manatdır. Cari ildə təkrar əkinlərlə bağlı Aqrar Sığorta Fonduna ümumilikdə 59 müraciət daxil olub.
- Baxış: 298