• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1197
— 08.11.2021 20:14

Əsarətdən qurtuluşun mübarək, Şuşa!

Bu gün Azərbaycanda Zəfər Gününün coşğusu yaşanır. İllərdir həsrət qaldığımız doğma yurda qovuşmağın sevinci ilə qələbənin qüruru bir-birinə qarışıb. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu Zəfərə gedən yolda dayağımız oldu. Azərbaycan igidləri 44 gün ərzində işğal olunan torpaqlarımızı qanları, canları bahasına azad etdilər. 8 noyabrda Şuşanın azad edilməsi isə dillərə dastan oldu. İndi o igidlik, ərənlik dastanından söz açacağıq. Əməkdaşlarımız  Cıdır düzündə  Azad Şuşa ilə qovuşmağın sevincini yaşayıblar.

Ötən ilin 27 sentyabr səhərini müharibənin başlanması xəbəri ilə açdıq. 28 illik işğalı davam etdirən düşmən yenə öz həyasızlığından geri qalmamışdı. Ermənistan Ordusu mövqelərimizi və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və artilleriya qurğularından intensiv atəşə tuturdu. Qəribə anlar yaşanırdı, bir tərəfdən ürəyimiz şəhid xəbərləri ilə sarsılır, digər tərəfdən günbəgün sayı artan qələbə xəbərlərinə sevinirdik. Beləliklə, Azərbaycanın Ordusunun əks hücumu 44 gün sonra qələbə ilə nəticələndi. 10 noyabrda düşmən kapitulyasiya aktını imzaladı, daha doğrusu imzalamaqdan başqa çarəsi qalmadı, Ermənistan təslim oldu və işğal etdikləri ərazilərdən imtina edərək, məğlub tərəf kimi müqavilə bağladı. Anladı ki, bu Azərbaycan 30 il öncəki Azərbaycan deyil. Qəhrəmanlar həmin qəhrəmanlardır, amma hakimiyyət və dövlət olaraq böyük nailiyyət qazanan bir ölkə var artıq. Adı Azərbaycandır. Qarabağlı bütöv Azərbaycan.

Şuşanın işğaldan azad olunması hər bir azərbaycanlını həyəcanlandırmışdı. Xüsusilə də illərdir doğma yurduna həsrət qalan şuşalıları...

Həqiqətən də döyüşçülərimizin göstərdiyi igidlik misilsiz idi. Bütün döyüşlərin özünəməxsus çətinliyi, məsuliyyəti var. Amma Şuşa döyüşləri bu mənada digərlərindən fərqlənir. Şuşanı azad etmək xüsusi hazırlıq tələb edirdi və Azərbaycanın xüsusi təyinatlı qüvvələri buna tam hazır idi.

Şuşa bölgədəki digər şəhər və rayonların zirvəsində dayanır. Dağlıq ərazidə yerləşməsi ona strateji üstünlük verir. Bu şəhər nəhəng təbii qaladır. Azərbaycan əsgəri qol gücünə bu nəhəng qalanı yenidən sahiblərinə geri qaytardı. Şuşa döyüşləri yaxın məsafədən aparılıb. Kitablara, dastanlara mövzu olacaq igidlik göstərən döyüşçülərimiz bıçaq və süngüylə, əlbəyaxa döyüşüblər.

Cıdır düzündən bu qayalara baxanda hərbçilərimizin nə qədər böyük qəhrəmanlıq göstərdiklərini dərk edirik. Bu qayalara çətin və dumanlı şəraitdə, üstəlik də ağır çəkili hərbi geyimlə dırmanmaq hər oğulun işi deyil. Amma bizim oğullar bunu bacardılar. Qayaların zirvəsinə qalxıb bizi qələbə ilə müjdələdilər. Bu yolda daha böyük zirvəyə, ölməzliyə ucalanlar, sağlamlıqlarını itirənlər də oldu. Bu gün biz onların rəşadəti hesabına alnı açıq gəzə bilirik.

Artıq Cıdır düzünü tonqalların alovu işıqlandıracaq, şuşalılar yenə burada bayram edəcəklər. 1992-ci il mayın 8-də başlayan işğal 2020-ci il noyabrın 8-də yekunlaşdı.

İki 8-in arasında illərlə var-gəl etdi bu xalq, əlindən alınan evinə, obasına həsrət qaldı. Amma həsrətin vüsalı elə gözəl, elə şirin oldu ki...

Pifaqor 8-i sevginin rəqəmi adlandırıb. Biz də indi sevgimizə qovuşmuşuq. Noyabrın 8-i artıq bizim üçün sevginin günüdür, Vətənə sevginin, Zəfərin günüdür...