Qurban Qurbanov: "Əminəm ki, azarkeşlərimiz sabahkı oyundan razı qalacaqlar"
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda İngiltərənin “Çelsi” klubu ilə keçiriləcək IV tur matçından öncə təşkil olunmuş mətbuat konfransında çıxış edib:
Qurban Qurbanov - "Qarabağ"ın baş məşqçisi: "Düşünürəm ki, bizi maraqlı bir oyun gözləyir. Çox güclü və zəngin tarixə malik bir komandaya qarşı oynayacağıq. Belə böyük klubların Azərbaycana gəlməsi, futbolçularının Bakıda azarkeşlər tərəfindən canlı izlənməsi həm əla hadisə, həm də böyük stimuldur. Dəfələrlə qeyd etmişəm ki, bu cür qarşılaşmalar ümumilikdə futbolumuzun inkişafı, eləcə də onun ölkəmizdə daha çox sevilməsi baxımından əlavə motivasiyadır. Komandamıza gəldikdə, yaxşı hazırlaşmışıq və demək olar ki, hazırlığımız qənaətbəxşdir. Sabah meydanda mübariz və əzmkar oyun göstərmək istəyirik. Futbolçularıma inanıram və onlara güvənirəm. Əminəm ki, azarkeşlərimiz sabahkı oyundan razı qalacaqlar".
Qeyd edək ki, bu günTofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq. "Qarabağ"a uğurlar arzu edirik!
- Baxış: 43
