• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1868
— 27.05.2020 19:06

Havadan gələn təhlükə

KepezTV Player

Bir neçə gün əvvəl müşahidə olunan güclü külək, havanın dəyişkən keçməsi, hazırda davam edən tozlanma dövrü bəzi xəstəliklərin kəskinləşməsi üçün əsl şərait yaradır. Burada söhbət, sözsüz ki, mövsümi allergiya və buna bağlı bir sıra problemlərdən, o cümlədən astmadan gedir. Nəzərə çatdıraq ki, hazırda dünyada 300 milyondan artıq allergik mənşəli astma xəstəsi var. Bizim ölkəmizdə isə hər 13-14 nəfərdən 1-i məhz bu problemdən əziyyət çəkir.

Zaur Hümbətov - ADAU-nun professoru: Yaz-yay dövründə çiçəklərin buraxdığı tozcuqlara qarşı insanlar daha həssas olur. Buna elmi dildə palenoz deyilir. Bu tozcuqlar əsasən, nəfəs yolları xəstəlikləri, allergik rinit, bronxaspazm, öskürək, xışıltı və müxtəlif reaksiyalar formasında olur.

Erkən yazdan payızadək davam edən tozlanma dövründə astmadan əziyyət çəkən pasiyentlər də xüsusi risk qrupunda yer alır.

Şəhla Verdiyeva - terapevt: Əgər yaz aylarını qeyd ediriksə, xüsusilə tozlanma halında olan bitkilərdə tozcuqlar yəni, polenlər, havanın çirkli olması, stress, kif göbələyi, ev gənələri və bu kimi faktorlar ciddi allergiya, astma törədə bilər. Bundan əlavə ekoloji vəziyyətin ürəkaçan olmaması, sənaye tullantıları, avtomobildən xaric olan zərərli tüstülər, qazlar astma üçün provakasiya edici faktorlar ola bilər.

Əgər astma xəstəsi uzun müddət müalicədən kənar qalarsa, boğulmalara, xroniki xəstəliyi olan yaşlı insanlar və uşaqlarda isə ani ölümlərə səbəb ola bilər. Odur ki, belə arzuolunmaz hallarla üz-üzə qalmamaq üçün bir sıra kliniki əlamətlərə diqqət etməliyik. Çünki allergik astma özünü asqırma, gözdə sulanma, dəridə qızartı, qaşıntı, səpki və digər fərqli əlamətlərlə büruzə verə bilər.

Şəhla Verdiyeva - terapevt: Bizim bildiyimiz astma artıq boğulmayla tutmaya da bilər. Sadəcə uzun müddət davam edən quru öskürəklər belə astmanın xəbərçisi ola bilər. Və yaxud heç bir boğulma olmadan nəfəsalma və nəfəsvermədə xışıltı səsləri, vızıltıyabənzər səslər belə astmadan xəbər verə bilər. Əgər belə bir hal varsa, mütləq ya terapevt ya da allerqoloqa müraciət etmək, müvafiq testlərdən keçmək, xırda bronxiollarda tutulma varsa, erkən vaxtda profilaktik tədbir başlamaq lazımdır.

Astmadan əziyyət çəkən bəzi insanlar müalicə dövründə dərmanlara daha çox üstünlük verirlər və aerozolların asılılıq yaradacağını, gələcəkdə bundan da təhlükəli xəstəliklərə səbəb ola biləcəyini düşünürlər. Həkimlərsə deyirlıər ki, bu fikir tamamilə yalnışdır. Çünki bu aerozollar kiçik dozalarda sadəcə xırda bronxiollara təsir edir. Ağciyər bronxların sıxılmasının qarşısını alır, tutmaların sıxlığını azaldır, nəticədə həyat qurtarır.