Əlavə dəyər vergisinin qaytarılması ya da fiskal İD. Son bir ay ərzində alış-veriş edərkən ən çox eşitdiyimiz bu sözlər alınan məhsullara görə tətbiq edilən ƏDV-nin qaytarılmasının özündə ehtiva edir. Hansı ki, kassa qəbzlərində əks olunan kod əsasında bu əməliyyat mümkün olur. Lakin bu sahədə sakinlərin bilmədiyi və ya çətinlik yaradan məqamlar var ki, bu barədə sujetimiz var, bu məsələlərə aydınlıq gətirmişik.
Tətbiq olunan qaydada əsasən alıcı nağd alış veriş zamanı ödədiyi məbləğin 10%-i, nağdsız ödənişdə isə vəsaitin 15%-i geri ala bilər. Bəlkə də bundan alıcıların çox hissəsi xəbərsizdir. Təbii ki, alış-veriş etdikdən sonra ƏDV-nin qaytarılmasından məlumatı olub, kassa çekini tələb edənlər də az deyil.
Gəncənin böyük marketlərinin əksəriyyətində quraşdırılan kassa aparatlarından verilən qəbzlərin üzərində Fiskal İD kodu öz əksini tapır. Ancaq bir qisim mağazalarda üzərində ƏDV-nin qaytarılması mümkün olan çek ya verilmir, ya da qəbz əldə ediləndən sonra digər qurğu vasitəsilə Fiskal İD kodu olan kağız parçasını əldə etməli oluruq.
Lakin elə məhsullar var ki, onlar ƏDV-dən azad olunduğundan həmin məhsullar üzrə geri qaytarılma məbləği yoxdur. Bundan xəbərsiz olan alıcılar isə çaşqınlığa qapanırlar.
Bəzi hallarda təqdim olunan qəbzlərdəki Fiskal İd kodu şəxsi kabinetə daxil etdikdə sistem onu qəbul etmir. Belə olan halda vətəndaş e-kassa.gov.az saytı vasitəsilə çekini yoxlaya, o da nəticə verməzsə Dövlət Vergi Xidmətinə müraciət edə bilər. Düzdü, hələ obyektlərin hamısında yeni nəsil kassa aparatlarının quraşdırılmaması da, bu çeklərin əldə edilməsində problem yaradır və Vergi Xidməti tərəfindən bu istiqamətdə alıcıların lehinə işlər davam etdirilir. ƏDV-nin qaytarılmasını özündə ehtiva edən çekin verilməməsi ilə bağlı isə Vergi Məcəlləsində cəzalar nəzərdə tutulur.
ƏDV-nin qaytarılması bu il martın 21-dən etibarən pərakəndə ticarət və ya iaşə obyektlərindən alınan bütün məhsullara görə əldə edilən çeklərə aiddir.
- Baxış: 673