• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1910
— 23.03.2020 19:40

Operativ Qərargah vətəndaşlara xəbərdarlıq edib

KepezTV Player

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycan öz vətəndaşlarına qayğı prinsipindən çıxış edilərək İran, İtaliya, Türkiyə, Macarıstan, Belarus, Rusiya və başqa ölkələrdə olan 10.000-nə yaxın Azərbaycan vətəndaşının dövlət hesabına AZAL-ın xüsusi çarter reysləri və başqa nəqliyyat vasitələri ilə ölkəyə gətirilməsi təmin olunub. Onlar tibbi müayinədən keçirilir və dövlət hesabına 14-21 günlük xüsusi karantin rejimində yerləşdirilirlər. Bu günə qədər COVİD-19 virusuna yoluxma halları sırasında xarici ölkələrdən gələn vətəndaşlar üstünlük təşkil edir. Artıq Azərbaycan ərazisində ölkə daxilində də yayılma halları aşkarlanıb. Xarici ölkələrdə olan çoxsaylı məsuliyyətli vətəndaşlarımız tərəfindən qlobal xarakter daşıyan bu çətin şəraitdə nümayiş etdirilən təmkin, anlaşıqlıq və dövlətə göstərilən dəstək ən yüksək təqdirə layiqdir. Onlar tərəfindən dövlət tərəfindən görülən işlərə, o cümlədən özlərini yoluxma riskinə qoyaraq peşə borclarını layiqincə yerinə yetirən tibb işçiləri, pilotlar, təyyarə bələdçiləri, diplomatlar, polislər və digər dövlət qulluqçularının əməyinə verilən yüksək qiymət qürur hissi doğuran haldır. Amma bununla belə, azsaylı bəzi şəxslərin, ehtiyacı olmadığı halda, təxliyədən sui-istifadə etmələri, təxliyə üçün təyyarə göndərilən zaman geri qayıtmaqdan imtina etmələri və sonradan təxliyə olunmaq üçün “xüsusi” təyyarə göndərilməsi iddiası ilə çıxış etmələri, xarici ölkələrdə COVİD-19 virusuna yoluxan şəxslərlə təmasları gizlətmələri, bu barədə yanlış məlumat vermələri və dövlət qurumlarının öz qanuni fəaliyyətini həyata keçirməsinə maneə olmaq və dövlətin gördüyü işlərə qarayaxma cəhdləri kimi təəssüf doğuran və məsuliyyətsiz hallar da vardır. Azyaşlı uşaqları olan ailələrə, yaşlılara, tibbi yardıma ehtiyacı olan şəxslərə, qadınlara üstünlük verilməklə məhdud çərçivədə və zəruri hallarda vətəndaşların müəyyən olunmuş qrafik çərçivəsində 14-21 gün müddətinə karantinə yerləşdirilməklə digər ölkələrdən Azərbaycana gətirilməsi təmin olunacaqdır. Koronavirusun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində vətəndaşların geri qaytarılması zamanı Azərbaycanda karantin üçün ayrılan məntəqələrin insanları qəbuletmə imkanları əsas götürülür. COVİD-19 virusunun yüksək yoluxdurma xüsusiyyətini nəzərə alaraq, xarici ölkələrdə olan vətəndaşların fərdi məsuliyyət nümayiş etdirərək olduqları dövlətin karantin və ya fövqəladə vəziyyət rejiminə ciddi riayət etmələri, özü-özünü təcrid etmələri, səfərlərdən çəkinmələri və mümkün qədər az insanla təmasda olmaları ciddi şəkildə tövsiyə olunur.