• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1784
— 10.01.2020 19:24

İnternetin uşaqlara vurduğu ziyan

KepezTV Player

Azyaşlılar üçün təhlükəli məkanlardan biri də internet hesab olunur. İnternetin yaratdığı təhlükə və fəsadları Valeh Anaroğlu araşdırıb. İzləyək.

Vaxtilə insanların möcüzə kimi qəbul etdikləri indi reallığa çevrilib. Məsələn, nağıllarda uzaqda olan insanı görmək üçün sehirli güzgü lazım olub. Amma indi internetə daxil olub skaypı qoşmaq kifayətdir. İnternet bizim həyatımızı çox dəyişib. Hətta o qədər dəyişib ki, indi insanlar real ünsiyyətdən daha çox virtual ünsiyyətə üstünlük verirlər. Bu günkü araşdırma mövzumuz – internetin fəsadları və ya internet aludəçiliyidir.

İnternet və kompüterdən istifadə uşaq və yeniyetmələrin səhhəti üçün arzuolunan hesab edilmir. Bu hal onların psixologiyasına mənfi tərəfdən təzahür edir, sağlamlıq üçün problem yaradır, alüdəçiliyə səbəb olur. Yeniyetmələr üçün internetdə maraq dairəsi isə sosial şəbəkələrdir. Onların bu istiqamətdə vaxt keçirməsi hətta tədrisdən də yayınmalara səbəb olur.

Cümşüd Məlikov - Yeniyetmə: Dərslərlə bağlı məlumatlara və oyunlara görə internetdən istifadə edirəm.Çox vaxtımı, təqribən dərsdən və hazırlıqlardan sonra bütün zamanımı internetə həsr edirəm.Tövsiyə edirəm ki, çox baxmasınlar.Özüm baxsam da, təəssüf ki, öyrəşmişik.

Elmar Əlizadə - Yeniyetmə: İnternet insanları kitabdan uzaqlaşdırır, onları asılı hala salır.İnsanlar internet resurslarından fərqli cür istifadə edir.Sosial şəbəkələrdən istifadə edənlər var, müxtəlif oyun oynayanlar, maraqlı fakt axtaranlar da var.Ancaq biz çalışıb inkişaf üçün irəli addım atmalıyıq.

Gündəlik həyatımızı texnoloji yeniliklərsiz təsəvvür etmək mümkün deyil. Maraq dairəmizin əsasını informasiya qəbulu təşkil edir. Bu yenilikləri izləməkdə uşaqlar da heç böyüklərdən geri qalmır. Elə bunun nəticəsidir ki, tez-tez övladını kompüterdən ayıra bilməyən valideyn şikayətlərinin şahidi oluruq.

Səbinə Ələsgərova - Valideyn: Asudə vaxtlarını müxtəlif növ idman oyunları, dama, şahmat, karate və başqaları ilə dəyərləndirə bilərlər.İnternet azyaşlıları özünə sövq edir.Həm gözlərinə ziyandır, həm də beyinləri yorulur, xüsusən də dərsləri ağır olanlar daha çox yorulur.Valideynlərə çağırış edirəm ki, internet resurslarından övladlarını qorusunlar.İdmana və təhsilə təşviq etsinlər.

Sevil Məmmədova - Valideyn: Azyaşlılar, elə böyüklər üçün də təhlükədir internet.Bəzi bölmələr var ki, yaş məhdudiyyəti var. Valideynlər yaxşı olardı ki, övladlarına nəzarət etsinlər. Bütün valideynlərdən xahiş edirəm ki, övladlarına lazımsız informasiyalara baxmağa icazə verməsinlər.Onlar bizim gələcəyimizdir.

Avropanın bir çox ölkələrində konkret internet paketləri mövcuddur. Bunun əsas anlamı ondan ibarətdir ki, valideyn internet paketi alarkən seçim edir, uşağı üçün daha münasib olana üstünlük verir. Belədə valideynin mütəmadi olaraq övladının yanına gələrək onun internetdə nə ilə məşğul olmasına nəzarət yetirməyinə də ehtiyac qalmır. Limitli internet paketində uşaq valideynlərinin onun üçün seçdiyi oyun, proqram və saytlara daxil ola biləcək.

Sahib İbrahimov - İT Mütəxəssisi: İnternet açıq informasiya resursu olduğu üçün, müxtəlif tip, xoşagəlməz məlumatlar da var.Xüsusən də bəzi təhlükəli siyasi,ideoloji məqsəd daşıyan informasiyalar mövcuddur.İstifadəçi internetdə öz təhlükəsizliyini özü qorumalıdır.Valideynlər öz uşaqlarını qorumaq üçün "Valideyn rejimi" deyilən təminatından yararlana bilər.Bu təminat istənilən sayta daxil olub, istənilməyən saytlara girişi qadağan edir.Əsas məqsəd odur ki, valideynlər uşaqlarına telefon alanda, yaxud kompüterdən istifadəyə icazə verdikdə, onların fəaliyyətini tənzimləyə bilsin.

Uşaqların internetdə nə işlə məşğul olmasına nəzarətsiz yanaşan valideynlərin övladları beləcə təhlükəli yola da düşə bilər. Üzərində valideynin nəzarətini görməyən uşağın internetdə dəhşət və terroru təbliğ edən oyunlara meyillənməsi onun gələcək həyatı üçün də təhlükəli ola bilər. Belə uşaqlar zaman keçdikcə aqressivləşir, özlərini izlədiyi oyunların qəhrəmanları kimi göstərməyə çalışırlar.

Aygün Babayeva - Psixoloq: İnternet həyatımıza daxil olduqdan sonra kitabları, televizoru həyatımızdan çıxartdı.Çıxardıqdan sonra, bütün gənclər və uşaqlar internet qarşısında çat və oyunlarda bütün günlərini sərf etməyə başladılar.Bu zaman onlarda həm psixoloji, həm də fizioloji fəsadlar yaratdı.Psixoloji olaraq belə uşaqlar çox informasiya topladıqları üçün yaddaş problemi, diqqət zəifliyi yaşayırlar.Uşaqları internetdən uzaq tutaq, real həyatımızı qoruyaq.

İki dost söhbət edir və biri digərinə deyir: “dünən evdə internet kəsilmişdi, ailə üzvlərimlə bir az söhbət elədim. Sən demə yaxşı adamlardı ki...” - Bəli, bu lətifə indi çox aktualdır. İnsanların real ünsiyyətdən çox virtual ünsiyyətə üstünlük verməsi həqiqətəndə dövrümüzdə böyüd dəyişikliklərə gətirib çıxarır.Biz real ünsiyyəti heç vaxt unutmamalı, virtual ünsiyyətdən də lazım olan vaxtlarda istifadə etməliyik.