• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 914
— 13.05.2019 16:14

Ramazan ayında necə qidalanaq?

KepezTV Player

Artıq bütün müsəlmanların həsrətlə gözlədiyi 11 ayın sultanı Ramazan ayındayıq. Hər il milyonlarla müsəlman Ramazan ayı ərzində oruc tutur və müəyyən müddət, ac, susuz qalır. Bu il ölkəmizdə oruc tutan insanların gün ərzində nəfsləri ilə sınaq müddəti təxminən 17 saata yaxındır. Həkimlər xəbərdarlıq edir! Sözügedən zaman çərçivəsində səhhətimizdə narahatlıq yaşamamaq üçün qidalanmamıza diqqət etməliyik.

11 ayın sultanı –Ramazan... Bu ayda oruc tutanlar 16-17 saat ac, susuz qalır. Amma məqsəd bu deyil təbii ki, əsl məqsəd ruhun təmizlənməsi, insanın öz nəfsinə qalib gəlməsidir. Bəs, bu günlərdə oruc tutan insanlar necə qidalanmalı, hansı qaydalara əməl etməlidirlər ki, bu onların səhhətinə ciddi zərər yetirməsin? Bununla bağlı mütəxəssislər nə deyir? Mübarək ayda qidalanmaya diqqət etmək, həzmin rahatlığı üçün qida qəbulunu azaltmaq şərtdirmi?

Şəhla Verdiyeva - həkim: “Ramazan ayı boyunca qida qəbulunu azaltmaq deyil, qidanı balanslaşdırılmış şəkildə qəbul etmək şərtdir. Ən önəmli faktor isə gün ərsində aclıq saatının uzun olmasını nəzərə alıb, həm imsakda, həm də iftarda bol maye qəbul etməkdir. Günlük iki litr, iki litr yarım mayeni bölməklə sahur və iftarda ortalanam qəbul etmək vacibdir”.

Mütəxəssislər bildirir ki, imsakda və iftarda qəbul olunan qidalar bir-birindən fərqlənməlidir. Belə ki, sahurda gün ərzində bizi tox tutan, orqanizmimizi vitamin, mineral və proteinlə təmin edəcək təamların qəbulu mütləqdir. İmsakda yumurta, yulaf, vələmir kimi lif tərkibli, qatıq, kəsmik, xama kimi ağartı məhsullarından istifadə məsləhət görülür. İftarda isə daha yüngül, tərəvəzli, az miqdarda heyvan mənşəli məhsullara üstünlük verməklə qidanı balanslaşdıra bilərik.

Şəhla Verdiyeva - həkim: -“Ramazan ayı boyunca duzlu və şəkərli qidaların qəbulu düzgün deyil. Şəkərli qidalar bizim suya olan ehtiyacımızı artırar, gün ərzində susuzlaşmamıza səbəb ola bilər. Yağlı qidaların isə həzmi çox çətin olduğuna görə mədə-bağırsaq problemləri yarada bilər. Xüsusilə iftra saatının gec olması ilə əlaqədar olaarq daha gec saatlarda yemək yeməyimiz bir sıra sağlamlıq prolemlərimiz artıra bilər. Bu səbəbdən də həmin qidaları mümkün qədər məhdudlaşdırmaq lazımdır”.

Birmənalı olaraq, müqəddəs ay boyunca duzlu, şəkərli və yağlı qidaların qəbulu minimum şəkildə tövsiyə olunur. Ramazana özəl iftar menyusu təklif edən restoran sahibləri də elə bu prinsipi əsas tutur.

Simur Ələsgərov - restoran sahibi: “Kompleks olaraq, 8 yemək çeşidindən ibarətdir. Bura qəlyanaltı, salatlar, şorbalar, meyvələr, xurma, su və digər içkilər daxildir. Bunlar tam olaraq, komleks şəkildə 1 adam başına 7 manat 90 qəpik dəyərindədir. Hazırladığımız iftar menyusuna daxil olan yeməklərin yağlı, turş, quru olmamasına xüsusi diqqət yetirik ki, mədə və ya digər orqanları ilə bağlı hər hansı narahatlıq yaşamasınlar”.

O ki, qaldı təamları dadmazdan əvvəl əksər insanın iftarı su və xurma ilə açmağa üstünlük verməsinə...

Şəhla Verdiyeva - həkim: “İftarı su və xurmayla açmaq məntiqsiz deyil. Çünki bu gün ərzində düşən qan şəkərimizi stabilləşdirir. Xurma çox faydalı qida məhsulu olsa da, təəssüf ki, Ramazan ayında həddən çox qəbul olunur, tükətilir. Miqdar nəzarəti elmək vacibdir. Baxmayaraq ki, lifi var, ciddi şəkildə karbohidratlı qida məhsuludur”.

Ramazan inanclı insanlar üçün özəl bir aydır. Bu ayda orqanizm yenilənir, insan özündə müəyyən rahatlıq hiss edir. Təbii ki, əgər sağlam, düzgün və normasında qidalansa... Oruc tutmaq ilk növbədə ruhumuzun möhkəmlənməsi, iradəmizin güclənməsi üçündür, amma cismimizin zərər görməməsi əsas şərtdir. Orucunuzun qəbul olunması diləyi ilə...