• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2298
— 19.04.2019 12:13

Məktəb psixoloqunuzdan razısınızmı?

KepezTV Player

Müəllimlər yalnız bilik vermirlər. Onlar əsl pedaqoq, həm də psixoloq olmalıdırlar. Hər bir uşağa necə yanaşmağı, onu təhsilə necə cəlb etməyi yaxşı bilməlidirlər. Bəli, bu gün pedaqoji ali təhsil ocaqlarında gələcəyin müəllimləri elə bu istiqamətdə lazımınca təlimatlandırılırlar. Bununla belə, məktəblərdə psixoloqlar fəaliyyət göstərirlər. Amma nədənsə əksər valideynlər onların işindən ya xəbərsizdirlər, ya da narazı...

İndi demək olar ki, bütün məktəblərdə psixoloqlar fəaliyyət göstərirlər. Bəs, onların fəaliyyətinin şagirdərə, uşaqların təhsilinə köməkləri varmı? Psixoloqlar hansı funksiyanı yerinə yetirirlər və məktəblilər hansı hallarda onlara müraciət edirlər?

Nizami Rzayev - məktəb direktoru: Məktəb psixoloqunun əsas vəzifəsi şagirdlərlə psixoloji söhbətlər aparmaq, onlarda olan psixoloji gərginlikləri aradan qaldırmaqdır. Uşaqlar hər yaş dövrünə uyğun olaraq, müxtəlif psixoloji problemlər keçirə bilərlər. Onlar I sinifdə əsasən, məktəbə adaptasiyada çətinlik yaşayırlar. Yuxarı siniflərdə, abituriyent olduğu, imtahanlara hazırlaşdığı dönəmlərdə onların psixoloji durumlarının hazırlanmasında psixoloqların rolu böyükdür.

Nəticənin ürəkaçan olması üçün işin düzgün təşkili də önəmli faktordur. Sinif rəhbəri ilə psixoloq mütəmadi olaraq, ünsiyyət qurmalı, şagirdlər arasında münasibətlərin hansı vəziyyətdə olmasını diqqətdə saxlamalıdır. Zərurət yarandığı halda məktəblini məsələylə bağlı psixoloqa yönləndirməlidir. Psixoloqlar bildirir ki, problemlərin həllində fərdi söhbətlər zamanı gəlinən qənaətlər olduqca vacibdir.

Elnurə Səmədova - psixoloq: Əsasən yeniyetməlik dövründə olan uşaqlarla söhbətlər aparırıq. Məktəblilər daha çox şəxsi münasibətlərində, sinif yoldaşı ilə aralarında hər hansı problem yaşananda, özlərini ifadə etməyə çətinlik çəkdiyi hallarda bizə müraciət edirlər. Biz psixoloqlarda bacardığımız qədər onlara kömək edir, şagirdləri düzgün istiqamətləndiririk.

Aydındır ki, müasir dövrdə stress yaradan amillər çoxdur. İndi əksər insanlar tez-tez psixoloq yardımına ehtiyac duyurlar. O cümlədən, məktəblilər.

Mütəxəssislərin sözlərinə görə bəzən informasiya bolluğu da şagirdlərdə stress yaradır. Bu isə məktəblilərdə özünü davranış pozuntuları, gərginlik, tez özündən çıxma kimi bir sıra psxioloji məqamlarla büruzə verir. Hər bir halda, məktəb psixoloqlarının fəaliyyətini zəruri edən amillər bununla da yekunlaşmır.

Yəhya Süleymanov - valideyn: Uşaqlarda düzgün psixoloji vəziyyətin formalaşdırılması, onların həyata hazırlanması, ümumiyyətlə psixikasına öyrənmək üçün müəyyən psixoloji məqamları bilmək lazımdır. Dünyanın bir sıra qabaqcıl ölkələrində nəinki məktəblərdə, ailələrdə də psixoloq var. Onlar müəyyən yaş dövrlərində ailə üzvləri ilə söhbət aparırı, müəyyən mövzularda onları təlimatlandırırlar. Şəxsən mən məktəb psixoloqlarının olmasını dəstəkləyirəm.

Nizami Rzayev - məktəb direktoru: Məktəbdə psixoloqun fəaliyyət göstərməsi uşaqları bəzi mənfi vərdişlərdən çəkindirir, şagirdlərdə elmə, təhsilə maraq yaradır, ailədə xüsusilə cəmiyyətdə bəzi problemlərin aradan qaldırılmasında müstəsna rol oynayır.

Nəticə etibarı ilə, məktəblərdə psixoloqların olması həqiqətən çox müsbət bir haldır. Yetər ki, həmin psixoloqlar öz işlərinə məsuliyyətlə yanaşıb uşaqlara, cəmiyyətimizə həqiqətən fayda vermək istəsinlər.