• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 776
— 19.04.2017 15:29

Su səyahəti Gəncədə

KepezTV Player

Xəzər dənizindən başlayan Bakı 2017 ümumxalq səyahət turu Gəncəyə yetişib. Bu əlamətdar hadisə ilə bağlı Azərbaycanın ən gözəl göllərindən olan Göygöl ətrafında tədbir keçirilib. Su mərasimində sərbəst güləş üzər Olimpiya çempionu Toğrul Əsgərov, onun məşqçisi, əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Zeynalov, həmçinin piano və skripka həvəskarı Aysu Salahovanın iştirakı ilə göldən səhəngə su doldurulması nümayiş etdirilib. Xəzər dənizindən start götürən səyahət 37 gün ərzində 3000 km-dən çox məsafəni geridə qoymaqla 15 bölgəni əhatə edəcək. Bu turun məqsədi xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər eyni zamanda həmrəylik və sevinc hissini yaşatmaqdır.

Su mərasimindən sonra Gəncə Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını təbliği və gənclərin idmana cəlb edilməsi üçün kütləvi idman tədbiri keçirilib. Layihənin rəsmi hissəsində çıxış edənlər ölkəmizin ev sahibliyi edəcəyi nüfuzlu yarışdan danışaraq İslamiadanın Azərbaycanda son illərdə reallaşan bir sıra mötəbər turnirlərin növbətisi olduğunu bildiriblər. Daha sonra yarışlar başlayıb.

Tünzalə Ağayeva - “Bakı-2017” İslam Həmrəliyi Oyunlarının ulduz səfiri:  "Gəncə həmişəki kimi möhtəşəm, insanları qonaqpərvərdir. Hamısına can sağlığı arzulayıram. Çox sevindim. İslam Oyunları Əməliyyat Komitəsinə təşəkkür edirəm ki, regionlarımıza gedib həsrətini çəkdiyim tamaşaçılarımla görüşə bilirəm. Sevindirici hal odur ki, məktəbli uşaqlarımız idmana həvəslidirlər, emosianaldırlar və bacarıqlıdırlar. Komandalarının adı uğrunda çox gözəl yarışırdılar. Hamısını təbrik edirəm".

Müxtəlif idman müsabiqələrində 5 məktəbdən 50-si qız, 50-si oğlan olmaqla, 100 şagird iştirak edib. Uşaqlar idmanın əyləncəli növləri üzrə qalib olmağa çalışıblar. İlk 3 yeri tutan komandalara Əməliyyat Komitəsi tərəfindən kubok və sertifikat təqdim olunub.

 

 

Orxan Cəfərzadə