• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 963
— 18.04.2017 11:15

Keçmişin canlı şahidləri...

KepezTV Player

Aprelin 18-i bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu gün 1983-cü ildə UNESCO-nun Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assambleyası tərəfindən təsis edilib. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Tarixi abidələr keçmişin canlı şahidi olmaqla yanaşı, bir xalqın mövcudluğunun ən gözəl sübutudur. Ölkəmizdə də Azərbaycan xalqının qədimliyinin, bu torpaqlara əzəli sahibliyinin sübutu olan çoxsaylı abidələr var.

Qız Qalası

Azərbaycan, Bakı deyildikdə ilk yada düşən abidə Qız Qalasıdır. İçərişəhərin qədim qala divarları arasında yerləşən, 12-ci əsrə aid tikili 8 mərtəbədən ibarətdir, hündürlüyü 28 metrdir. 1964-cü ildən muzey kimi fəaliyyət göstərir, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınıb.

Atəşgah

Bakının 30 kilometrliyində yerləşən "Atəşgah" XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilən od məbədidir. Abidə memarlıq üslubuna görə hələ Midiya dövründən Azərbaycanda yayılmış od səcdəgahlarının tikinti ənənələrini əks etdirir.

 

Şirvanşahlar sarayı 

Bakının mərkəzində, İçərişəhərdə yerləşən saray kompleksi ən görkəmli memarlıq abidələrindən biridir. 1964-cü ildən muzey-qoruq kimi fəaliyyət göstərir və dövlət tərəfindən mühafizə olunur. 2000-ci ildə YUNESKO tərəfindən İçərişəhər və Qız qalası ilə birlikdə Ümumdünya mədəni irsi siyahısına daxil edilib.

 

Mərdəkan qalası

Qədim tarixə malik olan qala Bakının Mərdəkan qəsəbəsində yerləşir. Qala dördkünc formada olub XIV əsrin ortalarında Şirvanşah Mənuçöhrün oğlu Şirvanşah Axsitan tərəfindən inşa etdirilib. Mərdəkan qalası şahın düşmən üzərində qələbəsinin şərəfinə ucaldılıb. Qaladan feodalların sığınacağı və gözətçi məntəqəsi kimi istifadə edilib.

 

Əlincə Qalası 

Əlincə qalasının tikilmə tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Tarixi qaynaqlara əsaslanan bəzi tədqiqatçılar qalanı təqribən 2 min il bundan əvvələ aid edirlər. “Kitabi-Dədə Qorqud” dastanında Əlincə möhkəm istehkam kimi təsvir olunur. Qala yüzillərlə Azərbaycanın və Yaxın Şərqin müxtəlif hakim sülalələrinin istifadəsində olsa da, daha çox Atabəylərin iqamətgahı və xəzinə yeri kimi tanınıb.

 

Möminə Xatun Türbəsi

Möminə xatun türbəsi — Məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biridir. Naxçıvan şəhərinin tarixi mərkəzində — Atabəylər Memarlıq Kompleksinin tərkibində yerləşir. Möminə xatun türbəsi həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədir.

 

Şəki Xan sarayı

Məşhur şair Nazim Hikmət bu sarayı gördükdə belə deyir: "Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi". Görənləri heyran qoyan binanın inşasına 1789-1790-cı ildə başlanılıb. Qala divarları ilə əhatə olunan bu tikili ikimərtəbəli olmaqla altı otaqdan, dörd dəhlizdən, iki güzgülü eyvandan ibarətdir. Daha əvvəllər "Divanxana" adlandırılıb. Hal-hazırda muzey kimi fəaliyyət göstərir.

Şah Abbas məscidi

Şah Abbas məscidi XVII əsr Azərbaycan memarlığı üçün səciyyəvi olan qiymətli abidədir. Binanın tikintisində yumurta ağı ilə gil-əhəng qatışığından və qırmızı kərpicdən istifadə edilib. 1776-cı ildə əlavə qoşa minarə də inşa edilib. 1920-ci ildə rus bolşevikləri tərəfindən şəhərə və ətrafa atılan mərmilərin təsirindən minarələrin biri əyilib. Hazırda məscid kimi fəaliyyət göstərir.

Çökək hamam

Çökək hamam 1606-cı ildə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında Gəncədə tikilib. Günbəzli binanın inşasında gil-əhəng qatışığı və qırmızı kərpicdən istifadə olunub. 2003-cü ildə burada Mədəniyyət Nazirliyinin Bərpa idarəsi tərəfindən təmir işləri aparılıb. Hazırda binada dekorativ sənət mərkəzi yerləşir.

Şuşa qalası

Azərbaycanın Şuşa şəhərini əhatə edən qala divarları uzun müddət ərzində şəhəri xarici müdaxilələrdən qoruyub. Şuşa qalasının əsasının nə zaman qoyulması haqqında dəqiq məlumat yoxdur. Mənbələr sadəcə bu qalanın monqolların Azərbaycana ikinci yürüşü zamanı dağıdıldığı haqqında məlumat verir. Azərbaycan memarlığının ən gözəl incilərindən biri olan Şuşa qalası Arran memarlıq məktəbi üslubunda inşa edilib. Şuşa işğal olunduqdan sonra qala da erməni vandalizminin qurbanına çevrilib.

Aşağı Gövhər ağa məscidi

Düşmən tapdağından əziyyət çəkən tarixi abidələrimizdən biri də Aşağı Gövhər ağa məscididir. Məscid XIX əsrin 3-cü rübündə tikilib. Şuşanın simvollarındandır. 1992-ci ilin mayında Şuşa işğal olunduqdan sonra məscid ciddi zərər görüb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilib.