Kənd Təsərrüfatı Nazirliyinin göstərişi ilə Heyvandarlıq Elmi Tədqiqatlar İnstitutunun Arıçılıq Mərkəzində yaradılan bal verən özül laboratoriya üçün bina inşa edilir. Bundan başqa bu il ilk dəfə olaraq mərkəzdə elmi tədqiqatlar aparılacaq arılar üçün ballı bitkilərin genofondundan da istifadə olunacaq.
Asif Kərimov –arıçı: “Balı ağıza qoyduğun zaman ağız boşluğundan başlayaraq bal öz təsirini göstərməyə başlayır. Diş-damaq xəstəliyinin qarşısını alır, nəfəs borusunu müalicə edir. Bal yeganə qida məhsuludur ki, balla qidalanmaq olsaydı balı ixrac etmək də olmazdı. Arı özü belə təkcə bal yesə ixraca çıxmaz. Arını ixraca çıxaran çiçək tozu, başqa məhsullardı”.
İnsan üçün ən kalorilli qida hesab olunan balın istehsalçısı olan arı növlərinin itməməsi və yeni arı cinslərinin yaradılması üçün Kənd Təsərrüfatı Nazirliyinin tərəfindən 2015-ci ildən Heyvandarlıq Elmi Tədqiqatlar İnstitutunun Arıçılıq Mərkəzi yaradılıb. Mərkəzdə Respublikamızı da ilk dəfə olaraq Türkiyəli mütəxəssislərin iştirakı ilə süni mayalanma yolu ilə 2016-cı ildə 30-dan çox süni döllənmiş ana arı alınıb və genofonda daxil olunub.
Allahverdi Seyidov- Arıçılıq Mərkəzinin rəisi: “Bununla paralel olaraq biz Azərbaycanın brendi sayılan Bozdağ Qafqaz arısının ekspesiya yolu ilə təmiz qanlarını aşkar etdik, bu məsələdə Ankara Dövlət Universiteti dəstək oldu. Arıların genetik baxımdan testləşdirilməsi həm Türkiyədə, həm də Amerikada həyata keçirildi. Biz ilk olaraq Azərabaycanda Bozdağ Qafqaz arısını yenidən əldə edə bildik”.
Yox olan cinslərin Arıçılıq Mərkəzində yenidən süni yolla yaradılması arıçılar tərəfindən də müsbət qarşılanır.
Asif Kərimov- arıçı: “Ukraynadan, Rusiyadan başqa xarici dövlətlərdən arı növlərini marağa düşüb gətirənlər var. Onlar bilmirlər ki, dünyada lider olan cins Qabaqtəpə arı cinsidir. Bunu qorumaq üçün də Elm Mərkəzi yaradılıb. Bu bizə böyük köməkdir. Genofondumuz pozulur, bu sortu saxlamaq üçün böyük hünər lazımdır. Bunun da yolu bu gün süni mayalanmadır”.
Genofondun formalaşdırılaraq artırılması məqsədiylə Arıçılıq mərkəzində arı məhsullarının analizi laboratoriyası üçün bina inşa edilir. Burada damazlıq işinin təşkili, bal verən ana arıların alınması istiqamətində tədqiqatlar aparılacaq.
Allahverdi Seyidov- Arıçılıq Mərkəzinin rəisi: “May ayının 25-i Dünya Arıçılıq Günü kimi qeyd edilir. Biz çalışacağıq ki, may ayının 25-nə bu işlərimizi yekunlaşdıraq. Bir daha göstərək ki, Azərbaycan öz arısının sahibidir, Azərbaycan arı məhsullarına sahibdir”.
Arıçılıq mərkəzində ballı bitkilərin genofondu da yaradılıb. Hektar yarım ərazisi olan bu genofondda 50-dən çox ağac növü becərilir. Ağacların müxtəlif dövrlərdə çiçəkləməsi arıçılıq üçün fayda verir.
Elmi əsaslarla arıçılığın inkişafına kömək edən və arıçılara məsləhət verən mərkəzdə gələcəkdə ilk dəfə olaraq arıçılar üçün kurslar da təşkil olunacaq.
Elnur Vahidoğlu
- Baxış: 1459