• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1031
— 11.04.2017 15:45

Fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olanlara qarşı reyd keçirilib

KepezTV Player

Fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olanlar bu gün hədəfdə olub. Gəncədə keçirilən reyd zamanı qadağan olunan yerdə avtomobil saxlamağı azmış kimi maşınını Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əməkdaşlarının üstünə sürən sürücülər də olub.

Çəkiliş qrupumuzun də iştirak etdiyi reyd zamanı buna oxşar hadisələr, taksi sürücüləri ilə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin işçiləri arasında mübahisələr də yaşanıb. Sərnişindaşıma ilə qanunla icazə verilməyən formada məşğul olanlar özlərinə harda gəldi dayanacaq seçərək taksi fəaliyyəti ilə məşğul olmalarına müxtəlif izahatlar veriblər. 

Elnur İlyasov- sürücü: “Sadəcə işim var idi, ona görə müvəqqəti dayandım. İndi dayanmışam, burda nə var ki?”

Tofiq Eminov- sürücü: “Bu boyda millətin hamısı dayanır, biz də dayanırıq, burada nə var ki? Bilirəm də dairəvi yolda maşın saxlamaq olmaz”.

Gəncədə 800-ə yaxın sürücü taksi sürür ki, onlardan da son 3 ayda yalnız 100-ə qədəri fərqlənmə nişanı alıb. Göstəricinin olduqca aşağı səviyyəsi nəqliyyatçıları qane etmədiyindən qanuna əməl etməyənlər hədəf seçilib.

Elmar Əhmədov- Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin sektor müdiri: “Biz taksi fəaliyyəti ilə məşğul olan hər bir fiziki və hüquqi şəxslərlə mütəmadi olaraq söhbətlər aparırıq, onların dövlətin vergisindən yayınmamasını tələb edirik. Bəzi taksilər var ki, nəqliyyat işçilərinin saxlama əməlinə məhəl qoymurlar, qeyri- qanuni fəaliyyət göstərirlər. Bu da şəhərimizdə avtobuslarda tıxaclar əmələ gətirir. Bəzi maşınlar da var ki, onlar istismara yararsızdı. Onlar taksi fəaliyyəti ilə məşğul olmalı deyillər. Ancaq yenə də onlar taksi fəaliyyəti ilə məşğul olurlar”.

Taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər fərqlənmə nişanı almaq üçün hər ay 19 manat 50 qəpik vergi ödəməlidir. Belə nəqliyyat vasitələrinin dayanacağı kimi şəhərdə 23 yer müəyyənləşdirilərək nişan qoyulub. Reyd zamanı qeyd olunan tələblərə məhəl qoymayan 30 sürücüyə inzibati qaydada cərimə yazılıb. 

Elnur Vahidoğlu