“Yevlax toplanışında bizim üçün vacib olan fiziki durumu yaxşılaşdırmaq idi. Yaxşı çalışdıq, hazırlıq əla keçdi. Qarşıda toplu məşqlər var”. Bu cümlələrin müəllifi “Kəpəz”in futbolçusu Tural Nərimanovdur. Təcrübəli müdafiəçi açıqlamasında Yevlaxda keçirilən təlim-məşq toplanışını dəyərləndirib:
Tural Nərimanov- “Kəpəz”in futbolçusu: “Gündə iki məşq etdik. Əlbəttə ki, ağır idi. Fiziki yükləmələrin olacağını əvvəlcədən də bilirdik. Nə qədər ağır olsa da, işimiz budur. Çalışdıq ki, üzərimizə düşən işin öhdəsindən gələk. Çempionata maksimum şəkildə hazır olmalıyıq”.
Bir həftəlik toplanış müddətində “Kəpəz” iki yoxlama oyunu keçirib. “Sarı-göylər” öncə Yevlaxda əvəzedici heyətlə, daha sonra isə Bakıda “Qaradağ Lökbatan”la qarşılaşıblar. İlk matçda 6:0 hesabı ilə qələbə qazanan komanda paytaxtda 1:2 hesabı ilə uduzub: “Bu mərhələdə keçirilən yoxlama oyunlarının nəticəsi önəm kəsb etmir. Yorğun ola-ola görüşlərə çıxdıq. Əsas olan fiziki durumu yoxlamaq idi. Bizə taktiki-texniki hazırlıq dövründəki oyunlarda özümüzə inamı artırmaq üçün qələbələr lazımdır”.
Azad Rəfi
- Baxış: 490